Qarabağ Şurası həmsədrlik institutuna göz gəzdirdi

qarabag-surasi-hemsedrlik-institutuna-goz-gezdirdi
Oxunma sayı: 644

“Qafqazinfo”nun məlumatına görə, Şura üzvləri Minsk Qrupundakı həmsədrlik məsələsini, qonşu Rusiya və İranda son prosesləri, o cümlədən ABŞ Konqresinə erməni lobbisinin artan təzyiqlərini müzakirə ediblər.

Şura üzvləri Avropa Birliyinin xarici münasibətlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun Cənubi Qafqaza səfərini müzakirə edərək, Minsk Qrupunda Fransanın Avropa Birliyinin nümayəndəsi ilə dəyişdirilməsi imkanlarına toxunublar. Eldar Namazov həmsədrlikdə Fransanın Avropa Birliyi nümayəndəsi ilə dəyişdirilməsinin Azərbaycanın manevr imkanlarını artıracağını bildirib: “Məsələ burasındadır ki, Avropa Birliyinin bir çox ölkəsi fəal şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. ATƏT-dən fərqli olaraq Avropa Birliyində münaqişələrin həllində iştirak edə biləcək və sülhməramlıları formalaşdıracaq silahlı qüvvələr də var. Bundan başqa Azərbaycan Avropa Birliyi məkanında münaqişənin həlli məqsədilə diplomatik imkanlarını artırmaq fürsətinə də malik olacaq”.

Sabit Bağırov Fransadan daha çox Avropa Birliyinin bölgənin enerji layihələrində maraqlı olduğunu, NABUCCO-nu hərəkətə gətirmək üçün danışıqları intensivləşdirdiyini xatırlatdı: “Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı münaqişələrin sülh yolu ilə həllini, o cümlədən vahid siyasi-iqtisadi məkana inteqrasiyanı diqtə edir”. Buna baxmayaraq, Qarabağ Şurasının bəzi üzvləri Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacağı fikrinə şərik olmadıqlarını söylədilər.

Nicat Səmədoğlu münaqişənin həllinin müzakirəsinin Avropa Birliyi müstəvisinə keçidinin keyfiyyətcə yeni heç nə gətirməyəcəyini bildirdi.

Zərdüşt Əlizadə isə münaqişənin həllində Fransa ilə ABŞ-n maraqlarının kəsişmədiyini söylədi: “Cənubi Qafqazda əsas iki oyunçu var – Rusiya və ABŞ. Bu iki ölkə isə bölgədəki münaqişələrin həllinə maraq göstərmir”.

Arzu Abdullayeva Brüsseldə hələ bir müddət öncə Fransanın Avropa Birliyi ilə əvəzlənməsinin aktual olmadığını qeyd etdi: “Bu məsələnin neqativ tərəfi odur ki, qurumun 27 ölkəsi var və bu hal qərarların qəbulunu çətinləşdirir. Bu sıraya bürokratik və siyasi əngəllləri də əlavə etmək lazımdır”.

Qarabağ Şurasının iclasında Rusiya və İrandakı son duruma da toxunlub. Şura üzvləri faktlardan çıxış edərək, hər iki ölkənin əvvəlkitək Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını söylədilər.

Elxan Şahinoğlu “Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və gələcək gözləntilər” mövzusunda Tərtər, Bərdə və Göyçayda məruzələr etdiyini bildirərək, yerlərdə insanların münaqişənin həlli ilə bağlı prosesləri ciddi izlədiklərini və maraqlı arqumentlərlə çıxış etdiklərini soylədi: “Bu 3 rayonda Qarabağla bağlı 9 sualdan ibarət sorğu keçirtdim. Nəticədə hər 3 rayonda münaqişənin həllinin sülh yolu ilə üstünlük verənlərin sayı müharibə variantına üstünlük verənlərin sayından çox çıxdı”.

Qarabağ Şurasının sonunda ABŞ Senatında bu ölkənin Azərbaycandakı səfirinin səlahiyyət müddətinin uzadılıb-uzadılmaması məsələsinə toxunuldu. Şura bununla bağlı müraciət hazırlamağı və bu sənədi ABŞ-ın müvafiq qurumlarına göndərməyə qərara aldı. Müraciətdə erməni lobbisinin təsiri altında olan bir neçə konqresmenin Azərbaycana səfirin kimin göndərilib-göndərilməməsinin müəyyənləşdirməsindən narahatlığın yer alacağı vurğulandı.