“Qarabağ” üçün 17 saat gəmi ilə getdilər - 1800 AZN-dən keçdilər

qarabag-ucun-17-saat-gemi-ile-getdiler
Oxunma sayı: 958

Xəbər verdiyimiz kimi, “Qarabağ” sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə “Kopenhagen”lə qarşılaşacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu matçı izləmək üçün Danimarkaya Azərbaycandan bir neçə azarkeş yola düşüb. 

Həmin fanatlar bütün xərcləri özləri ödəyərək bu tarixi oyunu izləmək üçün Kopenhagenə yollanıblar. 

Onlardan biri Samir Məmmədov tarixi oyun üçün səfərə daha tez çıxıb. Azarkeşlər Elvin İbrahimovla Elvin Əsədov isə bu gün Skandinaviya ölkəsinə çatacaqlar. Onlar bu səfər üçün nə az, nə çox düz 1800 manatlarından keçməli olublar. 

Samir Məmmədov səfərə yollanmaqları haqqında “Qafqazinfo”ya danışıb:

“Biz səfərə yollanmaq üçün hazırlıqlara püşkatmadan dərhal sonra başladıq. “Kopenhagen”lə düşdüyümüzü biləndən sonra getdik Norveç səfirliyinə. Çünki Danimarkaya vizanı onlardan almalıyıq. 20 nəfər müraciət etdik. Hətta “Qarabağ” klubundan məktub da aldıq ki, doğrudan da səfərə oyun üçün yollanırıq. Buna baxmayaraq səfirlikdə hamımıza viza verilmədi. Yalnız əvvəllər Şengen vizası olanlara viza verildi. Üstəlik, səfirlik vizaları gec verdi deyə biz baha qiymətə bilet almalı olduq. Ümumi xərclər haqqında danışsaq, viza müraciətimiz və bank hesabı birlikdə 115 manat oldu. Mən özüm 1050 manat Bakı-Tbilisi-Riqa-Bakı bileti aldım. Riqadan Stokholma ən ucuz variant isə 17 saatlıq gəmi səyahəti idi. Bu da mənə 36 avroya (72 manat) başa gəldi. Artıq Stokholmdayam. Burada “İmarət Europa”nın üzvlərindən Natiq Babayevlə görüşdük. Bu, sadəcə yol xərcləri idi. Amma keçid kimi istifadə etdiyim ölkələrdə də xərclərim çıxır. Xərclərimizin azalmasında “İmarət Europa”nın da əməyi var. Digər dostlarım Elvin Əsədovla Elvin İbrahimov isə Bakı-Moskva-Riqa –Stokholm reysi ilə gəlirlər. Onlar 17 saat Moskvada, 7 saat da Riqada gözləyiblər. Artıq bir neçə saatdan sonra mənim yanımda olacaqlar. Amma xərclədiyim bu qədər pula heç heyfslənmirəm. “Qarabağ”dan qələbə gözləyirəm”.

Qeyd edək ki, viza verilmədiyi üçün “İmarət Tayfa” fan-klubu Topaz Premyer Liqasının son turunda “Qarabağ” – “İnter” oyununda Norveç səfirliyinə etiraz pankartı açmışdı.

Elsevər Məmmədov