Qarabağa 30 milyonluq yol çəkilir

qarabaga-30-milyonluq-yol-cekilir
Oxunma sayı: 1702


 AzVision.az xəbər verir ki, yanvarın 24-də qondarma “Dağlıq Qarabağ respublikası”nın prezidenti Bako Saakyanın yanında keçirilən iclasda Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək ikinci yolun tikintisi ilə bağlı müzakirələr aparılıb. Layihəyə əsasən, yeni yolun uzunluğu 113 kilometr olacaq. Eni 10 metrə çatacaq yolun 7-8 metri hərəkət üçün nəzərdə tutulacaq. Tikintini Ermənistanda və Qarabağda fəaliyyət göstərən 6 şirkət həyata keçirəcək. 

“Tikinti işlərini 16 ay ərzində tamamalamaq nəzərdə tutulub. Lakin iqlim şəraitini nəzərə alsaq, ən geci 2015-ci ilin sonlarına yol istismara veriləcək”,- deyə “Hayastan” Ümumerməni Fondunun icraçı direktoru Ara Vardanyan məlumat verib. 

Dağlıq Qarabağın İnfrastruktur naziri Akop Kaqramanyanın sözlərinə görə, Vardenis-Ağdərə (Mardakert) yolu ilə paralel 2 layihə də həyata keçiriləcək. Yol boyu elektrik xəttinin çəkilişi və yolun bütün hissələri arasında internet əlaqəsinin təmin olunması layihədə nəzərdə tutulub.

Xatırladaq ki, Vardenis-Ağdərə yolu ilkin məlumatlara görə, 30 milyon dollardan artıq investisiya tələb edir. Ötən il noyabrın sonlarında “Hayastan” fondunun 2014-cü il üçün təşkil etdiyi telemarafonda yolun tikintisi üçün dünya erməniləri tərəfindən 22,6 milyon dollar vəsait toplanmışdı.