Qarabağa Rusiya qoşunu...

qarabaga-rusiya-qosunu
Oxunma sayı: 2928

Asəf Quliyev

Son günlər aktual olan mövzulardan biri də Rus qoşunlarının “sülhməramlı qüvvələr” adı ilə Dağlıq Qarabağa yeridilməsidir. Sözsüz ki, münaqişənin həllində önəmli ola biləcək belə bir addım barədə informasiyalar maraqla qarşılanır.

Bəs maraqla qarşılanan bu informasiyanın arxasında hansı maraqlar ola bilər?

Sözsüz ki, maraqlı qüvvələr var.

Heç kəsə sirr deyil ki, Rusiya Qafqazda itirdiyi mövqeləri bərpa etmək üçün müəyyən çabalar göstərir. O da sirr deyil ki, ABŞ başda olmaqla Qərb bu cəhdlərdən əndişələnir və hər addımda buna qarşı olduğunu xatırlatmağı lazım bilir.

Qərb dairələri müxtəlif yollarla sülhməramlı kontingentin münaqişə zonasına yeridilməsi, bu qüvvələrin tərkibi və sairə mövzularda müxtəlif beynəlxalq müzakirələr aparır. Amma belə müzakirələrin iştirakçısı kimi onu da yada salım ki, indiki situasiyada belə qüvvələrin Qarabağda yerləşdirilməsi üçün məqbul şərait və mühit yoxdur. Sözsüz ki, münaqişə tərəflərindən hansınasa və yaxud da birinə zor tətbiq etməklə bunu reallaşdırmaq olar. Ancaq zorla həyata keçirilən bir əməliyyatın sülhməramlı olacağı ancaq gülüş doğura bilər. İstər Qərbdə, istərsə də Rusiyada bunu gözəl anlayırlar. Və məhz buna görə də mövcud status-kvonun dəyişməsi heç bir beynəlxalq gücün marağında deyil. Çünki beynəlxalq güclərdən heç biri öz marağını təmin edəcəyindən əmin deyil.

İndi isə gəlin son günlər yenidən aktuallaşan “rus sülhməramlıları” söhbətinin siyasi fonuna diqqət yetirək.
Birinci – Rusiya və Qərb soyuq müharibənin isti fazasına qədəm qoyub. Hətta iş o yerə çatıb ki, Rusiya rəsmilər Suriyaya etdikləri hərbi yardımı nəinki danmır, hətta bunu sona qədər davam etdirəcəyini deyir.
İkinci – Rusiya Ukraynada öz maraqları xatirinə qan tökülməsindən belə çəkinmir.

Üçüncüsü – Azərbaycana Qərbin təhdidləri davam edir.

Dördüncüsü – Azərbaycanın Qərbin təhdidlərinə reaksiyasının arxasında Rusiyanın maraqları dayandığı barədə ehtimallar səslənir. 

Bütün bunlar siyasi mühitin yaratdığı fondur. Və elə bu ərəfədə Rusiyanın xarici işlər naziri Bakıya gəlir. Ermənistan prezidenti Moskvaya gedir. Və nəhayət ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini Evelin Farkasın Bakıya gəlib. Əlbəttə bunları təsadüfü üst-üstə düşən məqamlar hesab etmək olardı. Amma siyasətdə belə təsadüflər olmur. 

Bir məqamı da yada salım. Dağlıq Qarabağda Rus hərbçilərinin sülhməramlı adı ilə yerləşdiriləcəyi barədə informasiya ABŞ-dan gəldi. Və bu xəbərin inandırıcı olması üçün ABŞ hər şey edir.
Bəs məqsəd nədir?

Sözsüz ki, əsas məqsəd Azərbaycanın Rusiyapərəst imicini yaratmaq və bununla da ölkəmi beynəlxalq qınaq obyektinə çevirmək.

Amma Azərbaycan nə qədər Rusiyapərəst görsənsə də bu reallıq deyil. Sadəcə Rusiyanın və Qərbin öz maraqları olduğu kimi, Azərbaycanın da öz maraqları var. Və Azərbaycan bu maraqlar tələb etdiyi təqdirdə öz maraqları çərçivəsində manevr edir.

Amma bütün bunlar sadəcə “topsuz futbol” oynamaqdır. Əslində “top” başqa yerdədir, yəni supergüclərin maraqları tamam başqadır və əsas maraqdan diqqəti yayındırmaq üçün belə bir kombinasiya qurulub.
Bütün bunların sonu olaraq yaranmış siyasi fonu və supergüclərin marağını nəzərə alaraq birmənalı demək olar ki, Qarabağa Rusiya qoşununun girəcəyi gözlənilmir.