Qarabağda qan tökülməsinə razılıq var

qarabagda-qan-tokulmesine-raziliq-var
Oxunma sayı: 3040

Asəf Quliyev

Sentyabrın 29-da Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Barak Obama arasında görüş oldu. Görüşdən dərhal sonra Putin geriyə, Moskvaya qayıtdı. Və sentyabrın 30-da Suriyada hava əməliyyatlarına başladı.

Birinci ehtimal – Putin Obama ilə razılaşdı və Suriyada hava əməliyyatlarına başladı.
İkinci ehtimal – Putin Obama ilə razılaşa bilmədi və Suriyada hava əməliyyatlarına başladı.
Səbəbindən asılı olmayaraq Suriya bombalanır.

Suriyada vəziyyət çox qəlizdir. Bicə faktı xatırladım. Bu gün Suriyada üzdə görünən 4 tərəf var:
• Rusiya və İranın dəstəklədiyi Əsədə sadiq qüvvələr.
• Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu.
• ABŞ və Rusiyanın dəstəklədiyi Kürd Peşmərgə Qüvvələri.
• ABŞ-ın xeyir-duası ilə formalaşan və Ərəb dünyasından dəstəklənən İŞİD.

Bu qarmaqarışıq situasiyada olan Suriyada sülhə nail olmaq qara otaqda olmayan qara pişiyi axtarmağa bənzəyir.

Amma məsələnin kökündə dayanan ABŞ və Rusiyanın münasibətləridir. Məsələnin arzuolunmaz tərəfi odur ki, ABŞ və Rusiyanın razılaşması və ya razılaşmaması indiki şəraitdə sadə Suriya vətəndaşı üçün heç bir əhəmiyyətli dəyişiklik vəd etmir.

Rusiya və ABŞ-ın maraqlarının toqquşduğu başqa bir qaynar nöqtə də Ukraynadır. Ukraynada Krım artıq Rusiyanın tam nəzarətindədir. Donetsk və Luqanskda yaranmış situasiya göz qabağındadır. Sözün həqiqi mənasında müharibə şəraiti hökm sürür.
Üzdə görünən odur ki, bu müharibədə Rusiya və ABŞ-ın maraqları toqquşur və bu iki güc mərkəzi razılığa gələ bilmir.

İndi belə bir ritorik sual yaranır: ABŞ və Rusiya Ukrayna məsələsində razılığa gələ biləcəkmi? Və bu razılıq Ukraynaya sülh gətirəcəkmi?

Çətin sualdır.

Dünyanın potensial münaqişə ocaqlarından biri də Qafqazdır. Dünya prizmasından baxanda burada bir çox lokal münaqişə ocaqları var. Qarabağ uğrunda Ermənistan və Azərbaycan arasında davam edən müharibə şəraiti. Gürcüstandan qoparılmış Abxaziya və Osetiya. Hələ də sıxılmış yay kimi öz vaxtını gözləyən Çeçenistan. Və sairə.

Bu gün alovlanması daha real olan Ermənistan-Azərbaycan müharibəsidir.
Hər tərəfdən Azərbaycana güc tətbiq etməmək barədə təhdid xarakterli çağırışlar edilir. Həm Rusiyadan, həm ABŞ-dan, həm də Avropadan. Amma həm Rusiya, həm ABŞ, həm də Avropa Ermənistanın güc tətbiq etməklə Azərbaycan torpaqlarını işğalda saxlamasına reaksiya vermir. Deməli, Rusiya, ABŞ və Avropanın Qafqazdakı ən ciddi münaqişə ilə bağlı razılığı var.

Razılıq var və qan tökülməkdə davam edir.
İndi belə bir ritorik sual: Rusiya, ABŞ və Avropanın Qafqazdakı ən ciddi münaqişə ilə bağlı razılığı olmasa, nə baş verəcək?

Əlbəttə ki, yenə qan töküləcək.

Deməli, məsələnin kökündə Suriyada, Ukraynada və yaxud da Qafqazda demokratiya, insan haqları, söz azadlığı deyil, güc mərkəzlərinin maraqlarıdır.

Suriyada, Ukraynada, Qafqazda olduğu kimi.