“Qarabağdan Amasiyaya Könül Körpüsü”- Simpozium

qarabagdan-amasiyaya-konul-korpusu-simpozium
Oxunma sayı: 692

31 may - 1 iyun 2012-ci ildə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə “Qarabağdan Amasiyaya Könül Körpüsü – Beynəlxalq Həmzə Nigari Simpoziumu” keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, simpoziumda Azərbaycan və Türkiyədən təsəvvüf, şərq fəlsəfəsi, Seyid Mirhəmzə Nigarinin dövrü, mühiti, həyatı, müəllimləri, yaradıcılığı, ədəbi irsi, davamçıları haqqında 50-dən çox alim məruzə edəcək. Simpoziumla yanaşı, Azərbaycan və Türkiyənin xalq musiqiçiləri və rəqqaslarının iştirak edəcəyi konsertlər təşkil olunacaq.

Məlumat üçün bildirək ki, Amasiyada yaşayan Azərbaycan türkləri özlərini bura ilk gələn təsəvvüf alimlərindən İsmayıl Şirvaniyə görə şirvanlılar adlandırır, Amasiya və ətrafında geniş yayılıblar. İsmayıl Şirvani və Seyid Mirhəmzə Nigarinin türbələri Amasiya şəhərində olub, ardıcılları tərəfindən həmişə ziyarət edilib. Həmzə Nigarinin Divanı həm Türkiyədə, həm də Azərbaycanda zaman-zaman mədrəsələrdə, şeir məclislərində oxunmuşdur.

Qarabağ ədəbi irsinin Amasiyada Seyid Mirhəmzə Nigari ilə davam etməsi türk dünyası tarixində böyük hadisədir, araşdırılmağa hər zaman ehtiyac duyulur.