Qarabağın şəhid ocaqları...

qarabagin-sehid-ocaqlari
Oxunma sayı: 1548

Bakı Dövlət Universitetinin müəllimi Qismət Yunusoğlu Azərbaycanda şəxsiyyəti məlum olmayan türk şəhid məzarlarının tarixçəsini araşdırır.  O, bu dəfə Qarabağın  şəhid ocaqları ilə bağlı yazını “Qafqazinfo”ya göndərib.

Cəbrayıl rayonunun Horovlu kəndinin  batı səmtində  “Xəlifə dərəsi” deyilən ərazisindəki qəbirstanlığın  el arasında “Uşaqqırılan” adlanan hissəsində 70-ə qədər şəhid türk döyüşçülərinin sadə, lakin müqəddəs qəbirləri (hündürlüyü 1 metrə çatan dördkünc, “Ay-ulduz”nişanlı  baş daşları olmaqla) keçən əsrin 90-cı illərinədək qorunub saxlanılıb. 

Xocalı şəhərinin  “Xırman yeri” adlanan sahəsində qədim torpaq təpə (kurqan) və tarixi kümbəz (bu kümbəzi Sarı Alı oğlu (1872-1962) tikdirmişdir) olan hissəsində 8 şəhid türk döyüşçüsünün məzarları Xocalı soyqırımı tarixinədək əhali tərəfindən ziyarətgah kimi yad edilib. Bu  qəbirlər “Xocalı qayası” üzərində yerləşən, yaxınlığından Xocalı çayı axan qəbirstanlıqda yerləşiblər.

 Ağdam şəhərindən  Əsgəran istiqamətində yerləşən, yaşı  200 ilədək hesablanan “Qarağacı” qəbirstanlığında 10-15, Xındırıstan kənd qəbirstanlığında “Seyid Alı ocağı”nın yaxınlığında 1 şəhid türk əsgərinin qəbri olmuşdur.  

Rayonun Şelli və Qasımlı kəndlərində də bu kimi müqəddəs məkanlar mövcud olub.

Yazının hazırlanmasında Cəbrayıl rayonu sakinləri Faiq İbrahim oğlu Quliyevin və Tosəli Əziz oğlu Hümbətovun, Ağdam rayonu sakini Məhərrəm Abdulla oğlu Heydərovun, Xocalı şəhər sakinləri Rübabə Bəşir qızı Mustafayevanın və Almaz Şöhrət qızı Həsənovanın məlumatlarından istifadə olunub.