““Qarabağ”la ilk oyunda bəxtimiz gətirdi” - Antonio Konte

qarabagla-ilk-oyunda-bextimiz-getirdi
Oxunma sayı: 1591

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”ın qonağı olacaq “Çelsi”nin baş məşqçisi Antonio Konte oyunöncəsi mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, italyan mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Bu oyunda çox diqqətli olmalıyıq. “Atletiko” kimi komanda ilə hər iki oyunda heç-heçə etdilər. “Roma” da burda çətinliklə üzləşdi.

- 10 ballıq sistemlə “Çelsi” və “Qarabağ”ı hansı balla qiymətləndirərdiniz?

- “Qarabağ” yaxşı komandadır. Bəxtimiz gətirdi ki, Londondakı matçda bu komanda ÇL-də ilk oyununu keçirirdi. Həmin oyundakı böyük hesablı qələbəni bununla bağlayardım.

- İngiltərə mətbuatına müsahibənizdə bildirmişdiniz ki, ilk məğlubiyyəti alana qədər saqqalınızı qırxmayacaqsınız. Sabah "Qarabağ"a məğlub olsanız, saqqalınızı Bakıda, yoxsa Londonda qırxdıracaqsınız?

- Əsas olan mənim saqqalım yox, komandanın qələbə qazanmasıdır (gülür). İlk dəfədir saqqal saxlayıram. Düzü, bu, çox çətindir. Ancaq dediyim kimi, mənim üçün əsas olan komandamın qələbəsidir. Udsam da, uduzsam da, nə vaxtsa bu saqqalı onsuz da kəsəcəm.

- İki il öncə, İtaliya millisinin “sükanı arxasında” bu stadionda qələbə qazanmışdınız. Necə düşünürsüz, bu arena yenə sizə düşərli olacaq?

-  Eyni nəticənin təkrarlanmasını istərdim. Həmin oyunda çətinliklə üzləşmişdik. Azərbaycanda futbol inkişafdadır. Sabahkı oyunun da çətin keçəcəyini düşünürəm. Bu oyunda çox diqqətli olmalıyıq.

-  Bu matçdan sonra “Liverpul”la çətin oyun gözləyir. Bu, elə oyunlardı ki, burda səhv etmək şansınız yoxdur...

- “Atletiko” ilə oyundan sonra da belə sıxlıq olmuşdu. Təqvimi tərtib edən insanlara qarşı iradım var. Bu təqvimi tərtib edənlər diqqətli olmalıdılar. Bunu bəhanə etmək istəmirəm, ancaq təqvimin sıx olduğu açıqdır.

- Futbolçuları ilk oyunda 6:0 hesabıyla qalib gəldikləri komandaya qarşı oyuna kökləməkdə çətinlik çəkməyəcəksiniz ki?

- Motivasiya ilə bağlı problem olacağını düşünmürəm. Bu oyuna futbolçuları xüsusi kökləməyə ehtyac görmürəm. Rəqib “Atletiko” ilə iki dəfə heç-heçə edib.

- Qarşıda “Liverpul”la vacib oyununuz olduğunu nəzərə alsaq, bu matçda heyətdə rotasiyalar ola bilər?

- Həmişə komanda üçün ən yaxşı qərarı verməyə çalışıram. Nəzərə alsaq ki, 3 gündə bir oyun keçiririk, rotasiya mütləq olmalıdır. Ancaq “Qarabağ”la oyun bizim üçün vacibdir. Bu matçda qalib gələcəyimiz təqdirdə, növbəti mərhələyə vəsiqə qazanacağıq.

- Bayaq sıx təqvimdən narazı qaldığınızı bildirdiz. Bununla bağlı şikayət etmisiniz?

- Bu, təkcə bizim üçün yox, digər komandalara da aiddir. İngiltərə ÇL-də 5 komanda ilə çıxış edir. Uzun müddətdir İngiltərə klubları ÇL-də finala çıxa bilmir. Baxmayaraq, çox güclüdülər. Təqvimi tərtib edənlər bunu nəzərə almalıdırlar.

- Saat neçədə İngiltərəyə çatacaqsınız?

- Saat 4-də çatacağıq. Bir daha bildirmək istəyirəm ki, təqvimi hazırlayanlar dəyişikliklər etməlidilər.

- “Mançester Yunayted”ə qarşı 3-5-2 taktikası ilə çıxış etdiniz və bu, uğurlu alındı. Bu taktikadan “Liverpul”la matçda da istifadə etməyi planlaşdırırsınız?

- Bəzi oyunlarda dəyişikliklərin edilməsi vacibdir. Komanda bir neçə sxemdən istifadə etməyi bacarmalıdır. Əsas olan odu ki, bu dəyişik nəticəsində komanda öz oyununu itirməsin.

- Eden Hazardın vəziyyəti nə yerdədir. Son turda ayağından zədə almışdı.

- Onun vəziyyəti yaxşıdır. O, oyuna tam hazırdır. Yalnız Viktor Mozes və Mişi Batşuayinin zədəsi var. Kennedi və Musondanın da zədəsi var. Onların zədəsi əzələ dartılması ilə bağlıdı.