Qaradağda elmi-praktik konfrans keçirildi - - Fotolar

qaradagda-elmi-praktik-konfrans-kecirildi-
Oxunma sayı: 1882


"Qafqazinfo" xəbər verir ki, ilk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, Milli Məclisin üzvləri Hadı Rəcəbli və Mixail Zabelin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, həmin akademiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, akademiyanın dosenti, iqtisad üzrə fəlsəfə doktoru Roza Əliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisad İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, iqtisad üzrə fəlsəfə doktoru Elşən Səmədzadə, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdi.

Tədbirdə ilk öncə ölkəmizin iqtisadi inkişafını əks etdirən qısametrajlı film nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə bu inkişafın ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsi olduğunu qeyd etdi. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirdi. Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən sadiq davamçısı İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilərək böyük bacarıqla tətbiq edildi. Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan iqtisadiyyatını gücləndirərək, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaradıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən cənab İlham Əliyevin yüksək diplomatik fəaliyyəti sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirdiyini vurğuladı. Nəticədə, Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmış olduğu fikirlərini səsləndirdi.

Öz növbəsində Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədlərinin sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunması kimi qeyd etdi.

Milli Məclisin üzvü Hadı Rəcəbli öz nitqində demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı olduğunu bildirdi. Son on il ərzində Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşamış, problemlərin böyük hissəsi öz həllini tapmış, istənilən istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisi kimi səciyyələndirdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov 2003-2013-cü illər Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olduğunu bildirdi. Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarını əks etdirir. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır.

Daha sonra Milli Məclisin deputatı Mixail Zabelin “Azərbaycanın iqtisadi tərəqqisində rus icmasının yeri və rolu”, professor İsa Alıyev “Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsində:prespektiv hədəf və istiqamətlər”, iqtisad üzrə fəlsəfə doktoru Roza Əliyeva “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti və onun icrasında Qaradağ rayonunun təcrübəsi”, iqtisad üzrə fəlsəfə doktoru Elşən Səmədzadə “Azərbaycanın iqtisadi inkişafı:tarixi baxış və gələcək haqqında düşüncələr” mövzularında çıxışlar etdilər. Hər bir çıxış edən öz nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla aparılan davamlı və dinamik inkişaf məntiqinə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmış olduğunu diqqətə çatdırdılar. Bakının ən iri sənayə rayonu olan Qaradağ rayonunun respublikamızda sənayenin inkişafına böyük təkan verdiyi bildirdilər. Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılan “İnter Qlass” Açıq Səhmdar Cəmiyyətinin şüşə məmulatları, “Akkord” qranit-mərmər, “AAC” Müasir Tikinti Materialları, “Holcim-Azərbaycan” ASC-nin yeni sement, Qaradağ metal konstruksiyalar, Bakı gəmiqayırma zavodları ölkəmizin iqtisadiyatına öz töhfələrini verərək gələcəkdə də mühüm rol oynayacaqlarını qeyd etdilər.