Qaragöz qızlar o kişilərin xoşuna gəlir...

qaragoz-qizlar-o-kisilerin-xosuna-gelir
Oxunma sayı: 5447

Sahilə İbrahimova

Üç həftə əvvəl Belarusiyanın paytaxtı Minskdə ezamiyyətdə idim. Səfər öncəsi Minski gözdən salan xeyli söz eşitdim. Sovet ölkəsinə, köhnə, nimdaş şəhərə düşüb, darıxacaqsan, yeni heç nə görməyəcəksən deyirdilər. Bir tərəfim bu şərhlərə inansa da, digər yanım deyilənləri ciddiyə almırdı. Balaca bir yerin, ilk baxışdan işıqsız görünən insanın belə hekayəsi var. Sadəcə bəzi şəhərləri, küçələri, dalanları, insanları özün kəşf etməlisən. Minski kəşf etməyə elə ilk gündən başlamaq istəsəm də, yaşılın sevdiyim çaları ilə rənglənmiş parklardan ayrıla bilmədim. Bakıda salamat qalan ağacların yaşıllığını sevə bilmirəm – şam ağacları tünddü, tozludu, köhnədi, sanki. Mən açıq yaşıl rəngli iriyarpaqlı ağacları sevirəm. Minskin hər yerində uzanan parklar mən sevdiyim ağaclarla, sıx otla örtülüb. Və adamlar bu parklardan daha çox idman etmək üçün; avarçəkmə, qaçış, veloyürüş, sürətli yeriş - istifadə edirlər. Skamyada oturanlar isə kitab oxuyur, jurnal vərəqləyirdilər. 

Minskə səfər ərəfəsində 2015 ilin ədəbiyyat üzrə Nobel mükafatçısı olan Svetlana Aleksiyeviç ilə görüşməyə həvəslənmişdim. Sonra Minskin müharibə muzeyinə getdim və bu həvəsim keçdi. Özümü artıq müəlliflə danışmış kimi hiss etdim. Bütün suallarıma cavab aldım. Svetlana mənə görə qadınların müharibədəki rolunu ən dolğun, ən geniş, ən təsirli şəkildə yazıya almağı bacaran yazardı. Minski, ikinci dünya müharibəsinə həsr olunmuş muzeyi gəzəndə elə bil onunla danışırdım. Mən anladım ki, Svetlana A. mövzu axtarmayıb, Amerika açmağa ehtiyac duymayıb. Sadəcə qələmini götürüb, ən çox, ən yaxşı gördüyü şeydən yazıb. Belarusiya, Minsk, belarusiyalı qadın müharibədən əziyyət çəkib. Bu, şəhəri kəşf eləməyə başlayan kimi açıq-aydın görünür. Svetlana ilə görüşsəydim, nə sual verəcəkdim ki?.. Necə oldu belə əsər yazdınız? Aydın deyildimi nədən, niyə, necə yazdığı?!..

Müharibəyə qarşıyam. Sonunda qalibiyyət olsa belə. Müharibə ölümdü, nəyinsə, kiminsə məhvoluşu, dağılmağıdı. Minsk qəhrəman şəhərdi. Məni daha çox insanların fiziki, mənəvi məhvoluşu təsirləndirir, nəinki hanısa şəhərin qəhrəman adı almağı. Keçmiş Sovet ölkələri 9 May qələbəsindən yapışaraq yaşayır. Qəribədi, həm də kədərlidi. Artıq Sovet yoxdu, insanlar demək olar onun hər şeyindən imtina ediblər. Bircə onunla birgə qazandıqları qələbəni itirmək istəmirlər. Çünki bu qələbəni qazanmaq üçün olduqca böyük qurbanlar veriblər, çox şey itiriblər. Bir dəfə bir qadın müsahibəsində mənə siyasətin və ideologiyanın təzadlı qatlarını göstərən cümlə səsləndirdi. Dedi ki, atası bir zamanlar 15 respublikanın ortaq sərhəddini qoruyurdu. O zaman vətən on beş respublika boyda idi. Sonra vəziyyət elə gətirdi ki, o, öz ölkəsinin sərhəddini bir zamanlar həmvətən saydıqları adamlardan qorumağa məcbur qaldı və bu, onu sıxırdı, qəbul eləyə bilmirdi yeni şərtləri. Dünənin doğması bu günün yadına çevrilmişdi. 

Biz 15 respublika ilə ortaq tarix yaşamışıq, ortaq düşmənimiz, ortaq sevincimiz olub. Ona görə keçmiş Sovet ölkələrində gəzə-gəzə daima gördüklərimi Azərbaycana aid şeylərlə müqayisə edirəm. 

Belarusların bizi sevdiyini gördüm. Adamları ruslarla müqayisədə onsuz da mehribandı, gülərüzdü. Azərbaycana münasibətləri isə xüsusidi, bizi dost sayırlar. İştirakçı olduğum sərgidə Azərbaycanın stendinə məhəbbətlə, biz dostuq deyərək yaxınlaşırdılar. Və Qafqaz mədəniyyətini, qafqaz antropoloji özəlliklərini sevdiklərini hiss etdirirdilər. Bir nənə mənə baxıb anasının da qəhvəyi gözləri olduğunu, cavanlıqda hamını özünə heyran qoyduğunu dedi. Əlavə etdi ki, qarasaç, qaragöz qızlar Belarus kişilərinin xoşuna gəlir. Bu, mənə bizim kişilərin ukraynalı sarışınları sevdiklərini xatırlatdı. Belə çıxır, nadir tapılan daha çox sevilir. 

Bir neçə azərbaycanlı ilə tanış oldum. Görünüşləri slavyan qanlı olduqlarını desə də, ataları azərbaycanlı idi. Hətta biri məni xeyli təəccübləndirərək naxçıvan ləhcəsi ilə azərbaycanca danışmağa başladı. Azərbaycanda doğulmasa da, anası belarus olan Rüstəm ata dilini özü öyrəndiyini, Azərbaycan dilli mətbuatı izlədiyini dedi. Mehdi adlı bir müəllim Qarabağ müharibəsində atasını itirəndən sonra anası ilə Belarusiyaya köçdüyündən danışdı. Bir belaruslu isə 90-cı illərdə Minskə köçdüklərini dedi. Mən “müharibə başlayanda getdiniz” dedim, o, baxışlarını qaçıraraq “gəlin, müharibədən danışmayaq, yaxşı şeylərdən danışaq” pıçıldadı. Müharibə vaxtı Azərbaycanda qala bilməməyin utancı var idi səsində. Mənsə onsuz da onu qınamırdım, anlamağa çalışırdım. 

Minskdə insanların zövqlə geyindiklərini, yaraşıqlı olduqlarını, incəsənətə hörmətlə yanaşdıqlarını, ünsiyyət üçün öz dillərindənsə ruscaya üstünlük vermələrini müşahidə etdim. Səfərimin ən yadda qalan saatlarından dördünü həmyerlimiz, əməkdar artist Eyyub Quliyevin dirijorluğu ilə baş tutan “Aida” operasını izləyərək yaşadım. 3 saat 47 dəqiqə davam edən tamaşanı belaruslular və şəhərin qonaqları sevgi ilə, zalda telefonlarına baxmadan izlədilər. 

Minsklə xoş təəssüratla, xeyli piyada gəzmiş, dərindən nəfəs almış ruh halı ilə sağollaşdım. Arzu edirəm, Minsk sülh şəhəri olsun. ATƏT-in Minks qrupu Qarabağ münaqişəsinin həllində hələ ki, uğurlu nəticələr əldə etməsə də, qoy, yaxın illər təkcə yaşadığımız coğrafiyaya deyil, bütün dünyaya sülh gətirsin. Müharibə izləri, ağrıları küçələrdən, yaddaşlardan, ruhlardan silinsin.