Qaraj faciələri...

qaraj-facieleri
Oxunma sayı: 4620

Xuraman Hüseynzadə

Fikirlə, qayğıyla günü başa vurub yatırsan. Dualar edirsən ki, sabahın xeyirə açılsın. Və sabah açılır. Daha bir günü sağ-salamat qarşıladığın üçün şükür edirsən. Gecədən bəri baş verənlərdən xəbərdar olmaq üçün açırsan saytları...

İntihar, qətl, avtoqəza xəbərləri qanını qapqara edir. Son vaxtlar uşaqların pəncərələrdən yıxılıb ölməsi qara xəbərlərin siyahısını bir az da artırıb. Yay gəldimi, özümüzü dənizdə boğulma xəbərlərinə hazırlayırıq bir də. Maksimum ehtiyatlı olmağa çalışırıq yolda, maşında, dənizdə... Elə bil ölümlə çiyin-çiyinə addımlayırıq.

Uşaq idim. Qonşumuz İlyas kişinin bağından məhəllə uşaqları əskik olmazdı. Alça çiçəyindən ayrılandan əzgil yetişənədək həmin bağda qarışqa kimi qaynaşırdı uşaqlar. Bir yay axşamı rəhmətə getdi İlyas kişi. Məhəllə uşaqlarının ayağı onun gözəl, bar-bəhrəli bağından kəsildi. Kimi dindirsəydin deyirdi ki, ordan ölü çıxıb, bir meyvə də yeyə bilmərik. Ölüm o vaxtlar əlçatmaz idi. İnsanlar bu dərəcədə yadlaşmışdı ölümə... Bəlkə də “dünyanın düz vaxtları” dediyimiz dövr elə o dövr idi...

Yeni zəmanə esxatoloji baxışlarımızı da dəyişdi. Ölümlə sarmaş-dolaş elədi bizi. Evdən qorxa-qorxa çıxırıq: yolumuza elektrik naqili düşər, bilmərik, toxunarıq; küçəni keçdiyimiz yerdə naşı sürücünün əcəl əyləci həyatımızı yarıda qırar; tikintidən daş düşər başımıza; içərisində olduğumuz maşın birbaşa o dünyaya yollanar; ilan vurar, it dişləyər; qəfil ürəyimiz dayanar, əməliyyatdan çıxmarıq və s. Düşündükcə, danışdıqca ürəyimiz sıxılır, əsəbimiz tarıma çəkilir. Ehtiyat hər kəsin yaraşığıdı. Bu gözəl həyatda niyə yaşamayaq axı?

Bəzən bir gündə baş verən hadisələrdən hansısa daha çox nəzərə çarpır, müzakirə olunur. Məsələn, transformatorda, qarajda və başqa gözdən-qulaqdan uzaq məkanlarda cütlüklərin başına gələn faciələr... Bu cür faciələrin bir də el-aləm içində rüsvayçılığı var. Qurbanları müdafiə etsək belə, danışanların ağzını yummaq olmur. Belə hadisələr baş verən yerdə Leyli-Məcnun məhəbbəti, saf duyğular arxa plana keçir... Gizlicə əxlaqsızlıq edib pul qazananlar, ailə dağıdanlar da bəlkə də bir-birini sevən həmin faciə qurbanları haqda artıq-əskik danışır...
Kredit, kasıblıq, bir qarnı ac, bir qarnı tox yaşamaq şəhvət və sevgi uğrunda riskə atılan həyatdan qat-qat gözəldi...