“Qarant Sığorta” yeni şirkət yaradır

qarant-sigorta-yeni-sirket-yaradir
Oxunma sayı: 842

Bu gün “Qarant Sığorta” Şirkətinin cari ilin I yarımilinə həsr olunmuş mətbuat konfransı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, tədbiri “Qarant Sığorta” Şirkətinin İdarə Heyəti sədrinin I müavini Fuad Allahverdiyev açaraq, hesabat dövründə şirkətin topladığı sığorta haqlarının təqribən 3 milyon manat təşkil etdiyini deyib: “Bu da 2010-cu ilin 6 ayının göstəricisindən artıqdır. Azərbaycanın ən çox ödəyən şirkətlərindən biri olaraq “Qarant Sığorta” bu ilin ilk 6 ayı ərzində 610 min 515 manat həcmində sığorta ödənişləri həyata keçirib ki, bu da 2010-ci ilin müvafiq dövrü ilə müqayisədə 42% çoxdur”.

F. Allahverdiyevin sözlərinə görə, icbari sığorta növləri üzrə ödənişlər bu il ərzində iki dəfədən çox artıb. Könüllü sığorta növləri üzrə artım 40%-ə yaxın təşkil edib. Bundan başqa, bu il ərzində yığılmış sığorta haqlarının 448 min 922 manatı icbarı sığorta növlərinin payına düşür ki, bu da 2010-cu ilin ilk 6 ayının göstəricisindən 17% çoxdur. Könüllü sığorta növləri üzrə yığım isə keçən ilin müvafiq dövrü ilə müqayisədə eyni səviyyədə qalıb və 2,5 milyon manat təşkil edir. “Qarant Sığorta” vergi ödənişlərini də 248% artırıb. 2011-ci ilin ilk yarımilində şirkət büdcəyə 219 min 57 manat vergi ödəyib.

F. Allahverdiyev onu da bildirib ki, yaxın vaxtlarda “Qarant Kapital” adlı şirkətləri də fəaliyyətə başlayacaq ki, bu şirkətin əsas fəaliyyəti investisiyalarla bağlı olacaq, qiymətli kağızları cəlb edəcək.

Qeyd edək ki, hesabat dövründə “Qarant Sığorta” Şirkətinin yaratdığı “Qarant Sığorta Agentliyi”nin filial şəbəkəsi genişləndirilib, cari ilin fevralında Yasamal filialı, daha sonra isə Bakıxanov küçəsi 759-cu məhəllədə Gənclik filialının və Sumqayıtda yeni filialın açılışı keçirilib. İlin sonunadək daha bir neçə filialın açılması planlaşdırılır.

Nigar Məmmədli