Qaraşov səyyar görüş keçirib - Foto

qarasov-seyyar-gorus-kecirib
Oxunma sayı: 996

Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü 20 fevralda dağlıq ərazidə yerləşən Qurumba kəndində keçirib. 

“Qafqazinfo” xəbər verir ki, şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələrinin rəhbər işçilərinin iştirak etdiyi görüşdə sakinlər onları narahat edən məsələlərdən söz açarkən Lənkəran şəhərinin və rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işləri də yüksək qiymətləndirməklə bərabər ölkədə maaşların, pensiya və müavinətlərin növbəti dəfə artırılmasına, minimum əmək haqqının 180 manata qaldırılmasına görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Onlar inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin kütləvi şəkildə qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, Qurumba kəndində yeni məktəb binasının tikilib istifadəyə verilməsi, eyni zamanda ərazidən keçən Lerik-Lənkəran yolunun əsaslı təmiri və Ələt-Astara-İran sərhəddi magistral avtomobil yolunun istifadəyə verilməsinin bu ərazidə yaşayan sakinlərin də rahatlığı üçün gözəl şərait yaratdığı barədə razılıqlarını bildiriblər. 

Görüşə görə təşəkkürlərini bildirən sakinlər ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti tamamilə dəstəklədiklərini, radikal müxalifətin ölkədə sabitliyi pozmağa yönələn hərəkətlərini qəti şəkildə pislədiklərini xüsusi qeyd ediblər. Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən səsləndirilmiş fərdi müraciətlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.