Fevralın 9-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un baş katibi Düsen Kaseinovu qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, nazir TÜRKSOY-un fəaliyyətinin bütövlükdə türkdilli xalqların birliyinə xidmət etdiyini deyib və bildirib ki, türk mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə birlikdə çıxarmalıyıq.
TÜRKSOY-un Azərbaycanla əlaqələrinin daha da davamlı olacağına əminliyini bildirən nazir qeyd edib ki, UNESCO və İSESCO ilə də sıx əməkdaşlıq edən TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirir.
Görüş çərçivəsində, həmçinin Qara Qarayevin 100 illik yubiley tədbirlərinin keçirilməsi və ölkəmizdə mədəniyyət sahəsində gerçəkləşən yeni tədbirlər, layihələr və islahatlar müzakirə olundu.
Təşkilatın gələcəkdə həyata keçirəcəyi layihələr haqqında məlumat verən Düsen Kaseinov davamlı olaraq Azərbaycanla bağlı çoxsaylı tədbirlərin reallaşacağını diqqətə çatdırıb.