Qarayevin 100 illiyi UNESCO-da qeyd olundu - Fotolar

qarayevin-100-illiyi-unesco-da-qeyd-olundu
Oxunma sayı: 998

Görkəmli bəstəkar, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun Parisdəki mənzil qərargahında qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, xarici işlər naziri Elmar Məmmədyarov, görkəmli bəstəkarın qızı Züleyxa Qarayeva, eləcə də Parisdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Fransa ictimaiyyətinin, işgüzar dairələrin, xarici ölkələrin UNESCO yanında daimi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində böyük bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. İştirakçılar sərgi vasitəsilə dahi bəstəkarın yaradıcılığı ilə yaxından tanış olublar. Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan jurnal və onun əsərlərindən ibarət disklər iştirakçılara hədiyyə edilib.Yubiley tədbiri böyük bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Fuad İbrahimovun dirijorluq etdiyi konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında böyük bəstəkarın əsərləri səsləndirilib. Orkestri Fərhad Bədəlbəyli, Murad Hüseynov, Vurğun Vəkilov, Cəmil Sədizadə, Elvin Xoca Qəniyev (virtuoz skripka) müşayiət ediblər.

Konsert salonundakı böyük ekranda Qara Qarayevin yaradıcılığını əks etdirən, o cümlədən “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletlərindən fraqmentlər göstərilib.