Qardaş Türkiyə

qardas-turkiye
Oxunma sayı: 651

Bir acı ancaq yaşandığı an təsirli olur və o təsirin altında ömür boyu yaşamağa məhkum olan insanlar bərli-bəzəkli sözlərlə müharibənin dəhşətlərindən yazı yazmağı bacarmırlar. Məni maraqlandıran başqa bir şey var. Uzun zamandır sosiyal şəbəkələrdə fəal olan dostların bir çoxunun qardaş ölkə Türkiyədə baş verən üzgün hadisələrə, terror qurbanlarına, verdiyi şəhidlərə qarşı biganə olmadıqlarının şahidi oluram. Ümimiyyətlə Türkiyə gündəmini hər saat izləyən Azərbaycan mediasının, gənc vətənpərvərlərin eləcə də siyasətçilərimizin bu qayğıkeşliyini sevindirici hal kimi qəbul edir və dəstəkləyirəm. Ən azından ona görə ki, bizim insani duyğularımız, doğmalara qayğıkeşlik vərdişimiz vəhşiliyə meyilli dünya düzənində tamamilə itib batmayıb. Hətta deyərdim ki, Türk dünyasında “Türkün türkdən başqa dostu yoxdur” fikrinin ən bariz təsdiqçisi də elə Azərbaycan xalqıdır. Azərbaycan diplomatları, siyasi sferada fəal olan gəncləri 1906- 1922 –ci illərdə Anadoluda, Van, Muş, Trabzon, Elazığ, Diyarbekir, Kars-Sarıkamış, Edremit, Eleşkirt, Hizan, Bitlis və digər bölgələrdə ermənilər tərəfindən soyqrıma uğrayan Osmanlı türklərinin haqlarını bütün dünyada müdafiə etdikləri, hər gün kürdlər

tərəfindən terrora məruz qalan türk qardaş -bacılarımızın halına yandıqları və Türkiyə dərdini öz dərdi kimi qəbul etdikləri halda Türkiyə diplomatiyasında və siyasi gündəmində azərbaycanlıların başlarına gətirilən soyqrımlar, Xocalı qətliamları nədənsə arxa planda saxlanılır. Məni çox düşündür ki, niyə Türkiyə Xarici İşlər Naziri Şuşa, Kəlbəcər, Ağdam, Xocalı və Azərbaycanın işğal altında olan digər torpaqlarında meydana gələn insan haqları pozuntularını gündəmə daşımır? Türkiyə mediası azərbaycanlıların başlarına gətirilənlərə niyə bu qədər soyuqqanlı və biganə yanaşır? Məsələn bu günlərdə çox əhəmiyətli bir irəliləyiş baş verdi. “Ağ Ev” in rəsmi internet səhifəsində “Xocalı Soyqrımı” nın tanınması və Obamanın mövzu ilə bağlı bildiriş yayımlaması məqsədi ilə başladılan imza kompaniyası uğurlu nəticələr göstərdi. Amma hər şeydən xəbər verən Türkiyə mediası nədənsə bu hadisəyə yetərli maraq göstərmədi. Obamanın Xocalı soyqrımını tanımayacağı bəlli məsələdir, amma bu məsələni gündəminə gətirməsi, Xocalı zülmü ilə bağlı rəsmi bir kəlimə söyləməsi əhəmiyyətli bir hadisədir. Bu gün Türkiyənin yürütdüyü Qafqaz siyasəti son dərəcədə qarışıq və anlaşılmaz bir siyasətdir. Bu günə qədər Türkiyəni “soyqrımçı” olaraq tanıyan ölkələrə cavab verməyə və günahkar psixologiyası ilə davranmağa davam etmək yerinə niyə Xocalı Soyqrımını dünya ictimaiyyətinə daşıyıb, beynəlxalq qurumlarda tanınması üçün çaba sərf etmir? Xocalı Soyqrımını həyata keçirdən Ermənistan prezidenti Serj Sarkisiyanın “Azərbaycanlılar ermənilərin dinc əhaliyə qarşı qətliam törətməyəcəklərini düşünürdülər. Biz bunu azərbaycanlılara ibrət olsun deyə etdik”, “Biz Qarabağı aldıq, gələcək nəsillərimiz Ağrını almalıdır” deməyi Türkiyə

siyasətçiləri üçün heç bir şey ifadə etmirmi? Bu təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün bir təhtitdir. Türkiyə prezidentinin bu günlərdə Serji yenidən prezident seçilməsi münasibətilə onun əllərini “qardaşcasına” sıxması, Türkiyə Parlamentində Xocalı Soyqrımının hələ də qəbul olunmaması da ayrıca bir müəmmalı məsəldir.

Niyə görə torpaqlarının iyirmi faizi işğal altında olan Azərbaycan haqları və Xocalı Soyqrımı vizaların qarşılıqlı qaldırıldığı ölkələrin və Ərəb ölkələrinin parlament gündəminə daşınmır? Erməninin arxasında Rusiya, Fransa, İran var, bizim də arxamızda Türkiyə var deyə öyünməyimiz düşünürəm ki, Türkiyənin çiyinlərinə dərdlərimizə qayğıkeşliklə yanaşması məsuliyyətini qoyur. Amma bu günə qədər Türkiyə höküməti Azərbaycan haqlarını dünyaya hayqıracaq heç bir önəmli addım atmadı heç atacaq kimi də görünmür. Belə bir vəziyyətdə öz diplomatlarımız, siyasətçilərimiz Azərbaycan həqiqətlərini, Xocalı Soyqrımını dünyada təbliğ etmək istiqamətindəki iş rejimini gücləndirsələr yaxşı olar. 21 rəqəmi artıq bu addımların daha geniş sərhədlər aşması üçün bir “dümsük” olmalıdır. Məsələn bu günlərdə facebookda bir qrup gənc dostların “Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə panellərə qatılan bütün deputatlar və yazarlar özləri ilə bir Xocalı sakinini çıxış etmək üçün aparsın” fikrini dəyərləndirməklə başlaya bilərlər.