Qardaşı arvadını qətlə yetirən və qızını bıçaqlayan şəxs həbs olundu

qardasi-arvadini-qetle-yetiren-ve-qizini-bicaqlayan-sexs-hebs-olundu
Oxunma sayı: 654

Sentyabrın 30-da Ə.Cəmil küçəsində yaşayanlar Məmmədağa Ağayev qardaşı arvadı Gültəkin Nəsirovanı bıçaqla qətlə yetirmiş, qızı Firəngizə isə bıçaq xəsarəti yetirib. Məmmədağa Ağayev sentyabrın 30-da Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Sentyabrın 28-də Ağsu rayon sakini Ramil Əliyev Nəsimi RPİ 22-ci PB-yə ərizə ilə müraciət edərək bildirib ki, sentyabrın 27-si saat 23:30 radələrində Bülbül prospektində özünə məxsus «VAZ-2107» markalı avtomobillə hərəkətdə olarkən, yanında əyləşən Kənan adlı şəxs onu döyüb, bıçaqla hədələyərək avtomobili zorla əlindən alaraq qaçıb. DİN TŞ, BPİ DYPŞ və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Əsgərov sentyabrın 30-u saat 03:15 radələrində İzmir küçəsi ilə Tbilisi prospektinin kəsişməsində avtomobillə birlikdə tutulub.

Sentyabrın 28-də Qobustan qəsəbə sakini Bəhruz Bağırov bıçaq xəsərətləri ilə KTM-ə yerləşdirilib. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Fazil Bəkirzadə sentyabrın 29-da tutulub.

Sentyabrın 26-da H.Əliyev prospektində yerləşən 9 saylı notariat kontorundan Zaqatala rayon sakini Aysel Eminova məxsus noutbuk oğurlanıb. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Qasımzadə sentyabrın 29-da tutulub.

Sentyabrın 23-də Elvin adlı şəxs X.Ələkbərov küçəsində orada yaşayan tanışı Elnarə Əhmədovaya bıçaq xəsarətləri yetirmiş və o, 3 saylı xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Hənifzadə sentyabrın 29-da tutulub.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Maqsud Qəhrəmanov sentyabrın 30-da yaxalanıb.

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Günay Abdullayeva sentyabrın 30-da yaxalanıb.

Binəqədi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Orxan Vəliyev sentyabrın 29-da yaxalanıb.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olan Manaf Məmmədov sentyabrın 29-da yaxalanıb.

Sentyabrın 29-u saat 23:20 radələrində H.Əliyev prospektində Bakı şəhər sakinləri Elvin Hüseynov idarə etdiyi «Mersedes» markalı avtomobillə Ülviyyə Hüseynovanı vurmuş və o, hadisə yerində ölüb.

Sentyabrın 30-u saat 22 radələrində X.Şuşiniski ilə Vaqif küçələrinin kəsişməsində Qazax rayon sakini Anar Səttarovun idarə etdiyi «Hundai» markalı və Bakı şəhər sakini Sərdar Əliyevin idarə etdiyi «Mersedes» markalı avtomobillər toqquşub. Nəticədə, sonuncu avtomobilin sərnişini Svetlana Əliyeva KTM-da ölüb.