“Qardaşı ilə dost olub onun feysbuk ünvanını aldım” - Video

qardasi-ile-dost-olub-onun-feysbuk-unvanini-aldim
Oxunma sayı: 9041

“Zirə”nin serbiyalı yarımmüdafiəçisi Milan Duriç və xanımı Yovana Duriçin “Qafqazinfo”ya müsahibəsi:

- Necə oldu Azərbaycana gəldiniz?

- Menecerim mənə bildirdi ki, Azərbaycandan təklif var. Təbii ki, düşünməli idim. Amma 8 il öncə Bakıda olmuşdum. Avropa Liqasında Skopye “Metallurq”unun heyətində “Qarabağ”a qarşı çıxış etmişdim. Azərbaycanı görsəm də, inanmırdım ki, bu qədər gözəl olar. “Zirə”dən təklif aldıqdan sonra internetdə axtarış etməyə başladım. Gördüyüm şəkillərlə xatirələr geri gəldi. Ondan sonra qəti qərarımı verdim. Düşündüm ki, Azərbaycanda oynamalıyam. 

- Bir çox ölkələrdə - Makedoniyada, Xorvatiyada, Bosniya və Herseqovinada legioner həyatı yaşamısız. Azərbaycan bu ölkələrdən nə ilə fərqlənir?

- Bura gələndə məni çox isti qarşıladılar. İnsanlar hər işdə kömək etmək istəyirdilər. Bu, çox xoşuma gəldi. Burada heç bir problemim yoxdur və özümü evimdəki kimi hiss edirəm. Ailəm də çox rahatdır. 

- “Zirə” yeni yaranmış klub idi. Seçiminizdə tərəddüd etmədiniz?

- “Metallurq”a gedərkən onlar ikinci diviziondan yeni gəlmişdilər əsas liqaya. Eyni situasiya idi. Skopye klubuna gələrkən biz ilk dəfə kubok qazandıq. Bu, onlar üçün tarixi uğur idi. Həm də yeni yaranan klubların həmişə ambisiyaları olur. “Zirə”yə gəldikdən sonra da yanılmadığımı gördüm. Hər şey yaxşıdır. Burada məqsədlər, hədəflər var. 

- Premyer Liqada 8 komanda var. Bu, rəqabətin zəif olmasına gətirib çıxarır...

- Mən başqa cür düşünürəm. Baxın Bosniya və Herseqovinada, Serbiyada 14-16 komanda oynayır. Amma klubların əksəriyyəti oyunçulara maaş vermir, maliyyə baxımından daim problemlər məngənəsindədirlər. Az olsun, amma normal olsun. Burada 8 komanda olsa da, hamısının yaxşı heyəti var, çempionatda rəqabət var. Həm də komandalar daha məsuliyyətli olur. Çünki bir oyuna çıxanda fikirləşirsən ki, 2-3 matç uduzsam, çox aşağı pilləyə düşəcəyəm. Amma qələbələr bizi yuxarı qaldırır. Çox komanda olsa, “Qarabağ”a qarşı çox güclü, “Kəpəz”ə qarşı zəif oynayacaqsan. Lakin 8 komandalı çempionatda bütün oyunlara eyni motivasiyada olmalısan. 

- Buraya yeni gələndə o qədər də yaxşı təsir bağışlamırdınız. Amma bu mövsüm Premyer Liqada ən yaxşı oyunçulardan olduğunuzu deyə bilərik...

- Yeni gələndə həm ölkəyə, həm də çempionata adaptasiya olmaq baxımından əziyyət çəkirdim. Bilirdim ki, zaman keçdikcə daha yaxşı olacaq. Yeni baş məşqçinin taktikasına, futboluna uyğunlaşmaq da zaman aldı. 

- Hədəflər nədir?

- Bizə heç zaman “çempion olmalısınız” deyilmir. Amma əlimizdən gələnin ən yaxşısını etməliyik. Ən azı hədəfimiz ilk “3-lük”də olmaqdır. Layiq olduğumuz yerdə qərarlaşmalıyıq. 

- “Zirə” tarixində ilk dəfə oynadığı Avropa Liqasına yaxşı başlasa da, Rumıniya “Astra”sına uduzdu. Baxmayaraq ki, oyundan öncə şansınızın onlardan çox olduğu söylənirdi. Çünki rəqib maliyyə problemləri yaşayırdı...

- Dediyiniz kimi ilk dəfə idi ki, bu turnirə qatılırdıq. Komandamızda Rəşad Sadiqovu çıxsaq, Avropa təcrübəsi olan demək olar ki, yox idi. Hamısı təcrübəsiz idilər. Rumıniyada rəqibə 1:3 uduzmuşduq. Səbəb isə mənə görə, uşaq kimi davranmağımız idi. Həmin matçda qalib gəlmək istədiyimizdən etməməli olduğumuz səhvlərə yol verdik. Nəticədə 1:3 uduzduq. Bakıda isə yaxşı oynadıq. Xeyli qol şanslarımız olsa da, istifadə edə bilmədik. Daha doğrusu, düşünürəm ki, qol gəlmək istəmirdi. 

- Azərbaycanda daha güclü komandalardan təklif gözləyirsiz?

- İndiki halda yalnız “Zirə”ni düşünürəm. Burada uğur qazanmaq istəyirəm. Hər gün komandamın daha yaxşı yerlərə gəlməsi üçün güclü oynamağa çalışıram. Yaya qədər müqaviləm var. Ondan sonra da gələn təkliflərə baxacağıq. Bəlkə “Zirə” məni heyətdə saxlamaq istəyəcək, bəlkə istəməyəcək. Və ya digər klublardan təklif gələcək. 

- Futbolu xoşlayırsız?

- Yovana Duriç: Futbolu həyat yoldaşıma görə sevmişəm. Bu, onun həm işidir, həm də hər gün baxdığı bir şeydir. Daim evdə oturub televizorda futbol izləyirik. 

- Bakıda yaşamaq sizi sıxmır?

- Y.D: Bakı çox gözəl şəhərdir. Doğrudan, bura gəlməzdən öncə belə gözəl şəhər təsəvvür etməzdim. Hər zaman Milana deyirəm ki, burada yaşayaq, mən Bakıda qalmaq istəyirəm. Gəzmək üçün əla yerlər var. Hər gün vaxtımız olanda şəhərdə gəzirik. Uşaqlar üçün çoxlu sayda uşaq parkları var. Oğlumuz da burada oynamağı çox sevir.

- Deyəsən uzun müddət burada qalmağı düşünürsünüz?

- Y.D: Mənim üçün problem deyil. Əgər mümkün olsa, burada uzun müddət yaşayaram. 

- Bir az tanışlığınızdan danışardınız...

- Y.D: Milan Serbiyada “Yaqodina” klubunda oynayırdı. Bir gün şəhərdə gəzərkən onunla üz-üzə gəldik. Hər şey o gündən başladı. Məni gördü, tanış olduq və sonra aramızda münasibət başladı. 

- M.D: Yovana Yaqodina şəhərindəndir. Bu şəhər Zaqrebdən 130 km aralıdadır. Avropa Liqasında oynamaq üçün Yaqodinaya getmişdim. Orada gördüm və tanış olduq. O, futbol haqqında heç nə bilmir. Biz Yovananın qardaşı ilə dost olduq. Onun futbola həvəsi var idi. Sonra ondan Yovananın feysbuk ünvanını və başqa lazım olan hər şeyi aldım (gülür).

- Bakıda sizi ən çox nə narahat edir?

- Y.D: Heç bir şey. Bura çox sakitdir həm də. Kriminal hadisələr azdır, oğurluq yoxdur. İnsanların rahatlığı təmin edilir. Bir şəhər üçün bunlar çox böyük amillərdir. İnsanlar da mehribandır. 

- M.D: Bilirsiz, ən çox diqqətimi insanların həddən artıq yardımsevər olması çəkir. Məsələn, birindən hansısa ünvanı soruşanda az qalır ki, səni ora qədər aparsın. Bu, hər ölkədə yoxdur. Legioner həyatı yaşadığım ölkələrin heç birində belə isti münasibət görməmişəm.

- Ölkələr arasındakı mədəniyyət fərqi yaşamınıza təsir edir?

- M.D: Fərq buranın müsəlman ölkəsi olmasındadır. Yeməklərdə bəzən fərqi hiss edirik. Azərbaycan broylərləri xoşuma gəlir. Amma Serbiyada da yaxşıları çoxdur. Yeməklər çox zaman eyni olur. Eyni mətbəxdən çıxmış yeməklər məni təəccübləndirirdi əvvəllər. 

- Y.D: Burada möhtəşəm paxlava var. Çox sevirəm onu (gülür).

- İqtisadi cəhətdən ölkələrimiz arasında ciddi uçurum varmı?

- M.D: Elə də ciddi fərq olmasa da, Bakı daha varlı şəhər təsiri bağışlayır. Çünki şəhərdə hər gün gördüyümüz maşınlar məni heyrətə gətirir. Məsələn, “Lamborghini” görürəm, “Maserati” görürəm. Amma Serbiyada siz bunu ildə bir dəfə görərsiniz. Çünki orada belə bahalı maşınlar yoxdur. Bakıda hər gün, hətta gündə bir neçəsini görmək mümkündür. 

- Yovana xanım, Bakıda işləyirsiz?

- Y.D: Bəzən şəhərə çıxıb gəzirəm. Burada maraqlı yerlərdə olarkən özümə uyğun işlər görürəm. İşləmək istəyirəm. Lakin gördüyünüz kimi bunun üçün imkan yoxdur. Çünki balaca oğlumuz var. 

- M.D: Onun indi işləməsi çətindir. Çünki oğlumuza baxmalıdır. O, balacadır. Amma gələcəkdə bu, ola bilər. 

- Y.D: Burada mağazalarda modaları görürəm və işləmək həvəsim artır. Çünki mənim ixtisasımdır bunlar. Lakin mümkün olmur. 

- Oğlunuzu Bakıda böyütmək istəyirsiniz?

- M.D: Bu barədə düşünmüşəm. Fikirləşirəm ki, futbolu bitirdikdən sonra Bakıda məşqçi kimi işləyə bilərəm. Bir qədər pul yığıb oğlum üçün xərcləmək fikrim var. Bəlkə gələcəkdə futbolçu, baksetbolçu və ya məşhur bir biznesmen oldu (gülür).

- Razısınız ki, oğlunuz atası kimi futbolçu olsun?

- Y.D: Fikirləşirəm ki, daha çox təhsili haqqında düşünməlidir. Amma həvəsi olub atasının yolunu davam etmək istəsə də, qarşısını almayacağam. 

- Milan zədələnəndə onun sağalmasına kömək edə bilirsiz?

- Y.V: Ən çətini onu zədələnərkən görməkdir. Bəzən elə yıxılır ki, stadionda televizora baxa-baxa üzümü tuturam ki, tam görməyim. 

- M.D: Yovana ilə yeni-yeni birlikdə yaşayanda futbolu belə təsəvvür etmirdi. Hər şeyə reaksiya verirdi. Artıq öyrəşib və mənə sağalmaqda kömək edə bilir. Evə gələn kimi, buz gətirir ki, ayağıma qoyum, necə dincəlməli olduğumu bilir.

- Azərbaycan adət-ənənələrini götürmüsüz?

- M.D: Hər ölkənin adət-ənənəsinə hörmət etmək lazımdır. Bizim ölkənin də öz mədəniyyəti var. İslama və onun qaydalarına da hörmət edirəm. İnsanlar bizim oyunlarımız olduğu zaman dua edirlər. Bu, gözəldir və mən bütün adət-ənənələrə hörmət etməliyəm.

- Milan, sizə kömək edirmi?

- Y.D: Mən burada təkəm və nə vaxt yorğun olsam, Milan mənə kömək edir. Bəzən yemək bişirməyə də yardım edir. Amma daha çox evi təmizləyir. 

- M.D: Mən daha çox evi təmizləyirəm. 

- Azərbaycan mətbəxini sevirsiz?

- M.D: Çox sevirik. Bizim oxşar hazırladığımız şeylər də var. Bir az fərqli olsa da, Serbiyada da sucuk var. 

Elsevər Məmmədov

Video: Pərvin Zeynal