Qardaşım dostum olsa...

qardasim-dostum-olsa
Oxunma sayı: 1897

Nadir Qocabəyli

Son günlər “qardaş” Türkiyədə baş verən hadisələrə Azərbaycanda, demək olar ki, münasibət bildirməyən qalmadı. Türkiyəni tanıyan, tanımayan, sevən, sevməyən hər kəs bu mövzuda nəsə danışdı, yazdı. Özümüzü tamamilə unudub “qardaşımızın” dərdini çalxalamağa girişdik. Vəziyyət o həddə çatdı ki, bu mövzu hətta lağlağı obyektinə çevrildi.

“Qardaş” sözünü niyə dırnaq arasında verdiyim, yəqin ki, diqqətli oxucuların nəzərindən yayınmadı. Bəli, bu mexaniki səhv deyil, bilərəkdən qoyulmuş durğu işarəsidir. Təəccübləndiniz? Yəni biz türklərlə qardaş (qarındaş, qarın yoldaşı) deyilik?

Gəlin xırda bir araşdırma aparaq (böyüyünə hazırda imkanımız yoxdur). Əgər “qardaş” deyərkən etnik yaxınlığı nəzərdə tuturuqsa, ərz etməliyəm ki, Türkiyə adlanan məmləkətin etnik tərkibi heç də yekcins deyil. Orada hamının “türk” olmasına baxmayaraq, hərənin öz etnik mənsubiyyəti, milliyyəti var.

Ankarada Əhməd Yəsəvi universitetində təhsilimi davam etdirərkən qrup yoldaşlarımdan Abdullah– çərkəz, İsmayıl– Laz, Mehmet – kürd, Bayram – gürcü, Mutlu – qaraçay, Tevfiq – türk idi. Onlara zarafatla deyirdim ki, ən az türk elə Türkiyədə imiş. Ahmed adlı çorumlu otaq yoldaşım deyirdi ki, ana nənəsi azəri, babası gürcü, atası kürd, özü isə türkdür. Onu anlamaqda çətinlik çəkdiyimi görüb əlavə etdi: “Bunun üçün özümü türk hesab etməyim yetrəlidir.” Bu yanaşma əvvəlcə mənə xeyli cəlbedici göründü, bu söhbəti Azərbaycanda bəzi yoldaşların yanında danışanda, “nə mutlu türküm deyənə” siyasətinin böyüklüyünə heyrət etdilər, Atatürkə təriflər yağdırdılar. Ancaq sonradan düşündüm: “Necə yəni, indi mən özümü fransız, ya da yəhudi hesab eləsəm, bu həmin millətlərin nümayəndəsi olduğuma kifayət edəcək?” Onu da deyim ki, Türkiyədə özünü türk saymayanların sayı da az deyil və hazırkı iqtidarın ümmətçilik siyasətinin motivlərindən biri də budur.

Yaxşı düşünəndə, türkiyəlilərlə bizim etnik qardaşlığımız və qohumluğumuz heç də digər sərhəd qonşularımızla olduğundan artıq deyil. Çünki istər İranda, istər Rusiyada, istər Gürcüstanda, istərsə də Türkmənistanda qardaş deyə biləcəyimiz insanların sayı Türkiyədəkindən az deyil, nisbətdə götürəndə, bəlkə də, çoxdur.

Digər tərəfdən: tutaq ki, lap qardaşıq. Kökümüz eyni, dillərimiz, mədəniyyətimiz yaxındır. Axı bütün məsələlərdə ağına-bozuna baxmadan qardaşa, qarındaşa, qarın yoldaşına üstünlük vermək nə vaxtdan sivil dəyər sayılır? Məgər biz öz qardaşlarını icra başçısı, polis rəisi təyin etdirən nazirləri daim qohumbazlıqda suçlayaraq tənqid atəşinə tutmuruq? Belə olduğu halda, niyə tutaq ki, Türkiyəni digərlərindən üstün tutmalıyıq?

Ah maraqlar! Ortaq maraqlar! Hanı o maraqlar? Ermənilərə qarşı birgə mübarizədəmi özünü göstərir o maraqlar? Bəlkə vətəndaşlarımız gedib Türkiyədə böyük pullar qazanırlar? Bəlkə, türklər burada böyük sənaye müəssisələri açır, əhalimizi işlə təmin edirlər? Bəlkə, beynəlxalq təşkilatlarda daim eyni mövqe nümayiş etdiririk?

Mən nəsə ortalıqda elə ciddi və faydalı bir iş görmürəm. Onların bizə münasibəti yuxarıdan aşağı, “papanı çox istəyirsən, yoxsa mamanı?” xarakterindədir. Onların Azərbaycanla bağlı bilgiləri üç nəfərin ad-soyadından uzağa getmir: Haydar Aliyev, Zeynep Hanlarova və Bahtiyar Vahapzade. Son zamanlar Rəşid Behbudovun da adını öyrəniblər, amma “Recep Behbutov” şəklində tələffüz edirlər. Hətta bir dəfə iletişim (jurnalistika) fakültəsində oxuyan bir xanım mənə belə bir sual da vermişdi: “Kazakistanmı uzak, Azerbeycanmı?” Onun bizi “küçümsəmək” (xor görmək) məqsədilə saxtakarlıq etdiyini, yoxsa həqiqətən dünyanın siyasi xəritəsindən başı çıxmadığını hələ də anlamış deyiləm.

Keçək son günlərin hadisələrinə. Qısaca deyim ki, baş verənlər Türkiyədə uzun illərdir davam edən yanlış milli, etnik, dini, sosial siyasət nəticəsində ortaya çıxan dərin ictimai qütbləşmənin nəticəsidir. Millətin bir əsrə yaxındır ki, ikiyə bölünərək bir-birini qırması ssenarisi Qərb dairələrindən qaynaqlanır və bunda kamalizm ideologiyasının payı az deyil. Onu da deyim ki, bu durumun Azərbaycana transfer edilməsi cəhdləri də ortadadır.

Türkiyədə bunu anlayanlar az da olsa var, amma toplumu buna qarşı çıxmağa hazırlamaq çox çətindir. Çünki uzaqdan və zahiri görünüşünə rəğmən, Türkiyə cəmiyyəti mədəni cəhətdən olduqca geridir.

Mən Türkiyədə olanda (1996-98-ci illər) tez-tez belə söhbətlər eşidirdim: "Adam askər ya, para bol, istediğini yapar..."
Hal-hazırda Türkiyədə həmin imtiyazın, nüfuzun, paranın davası gedir və bunun bizə heç bir dəxli yoxdur.

Türkiyədə uzun illərdir bir-birinə zidd iki düşüncə, iki dünyagörüşü, iki fərqli yanaşma, iki kütlə arasında amansız mübarizə gedir. Bunlardan biri özünə solçu, laik (dünyəvi) deyənlər, ikincisi sağçı-şəriətçilərdir. Bir-birinə kəskin nifrət edən bu iki tərəf əslində mahiyyətcə bir-birinin təkrarıdır. Fərqləri yalnız geyimlərində, saç-saqqalllarının formasında, sitayiş etdikləri bütlərdədir. Mədəni səviyyələri də bir-birindən kəskin fərqlənmir.

Əgər çevriliş baş tutsaydı, hazırda dindarların solçulara tutduğu divanı, hərbçilər dindarlara tutacaqdılar. Vaxilə Menderesi asanlar indi Ərdoğanı asacaqdılar...