“Qardaşımın qayınanası məndən ev tələb edir”

qardasimin-qayinanasi-menden-ev-teleb-edir
Oxunma sayı: 18253

Bakı şəhəri Sabunçu rayon sakini İlqar Bayramov evinin kupçasının məhkəmə tərəfindən əsassız ləğv edildiyini iddia edir. 

Bu barədə “Qafqazinfo”ya müraciət edən İ. Bayramov bildirib ki, 2008- ci ildə Sabunçu rayon Ramana qəsəbəsi Yeni Yaşayış massivi ev 154 C ünvanında ev tikdirib: “O zaman torpağa dair kupçam yox idi. Bələdiyyədən və kənd sovetindən çıxarış almışdım. Qardaşım Rasim Bayramov yeni ailə qurduğu üçün həmin evdə yaşamasını istədik. Daha sonra ailələrində problem yarandı və boşandılar. Problem yaranan ərəfədə qardaşımın qayınanası Mülkicahan Şadmanova həmin evə qarşı iddia qaldırdı. O da evin yaxınlığında yaşayırdı. Qardaşım bu halda evi satacağını dedi. Mən də evin özümə aid olduğunu bildirdim və bunu sata bilməyəcəyimi dedim. Bələdiyyə sənədini qarşı tərəf evimdən oğurladı. 2015- ci ildə Sabunçu rayon məhkəməsində iddia qaldırdılar ki, evi onlar tikib və torpağın sahəsi 330 kvadrat metrdir, qardaşım evdən çıxmalı, qayınanası Mülkicahan Şadmanova ora yerləşməlidir. Mən də torpaq sahəsinə ekspertizanın keçirilməsi barədə vəsatət qaldırdım. Sabunçu rayon məhkəməsinin hakimi Ziya Şirinov vəsatətimi qəbul etmədi. Halbuki torpaq sahəsi 524 kvadrat metrdir. Sabunçu rayon icra şöbəsi torpağın sahəsini ölçüb və 524 kvadrat metr olduğunu təyin edib. Məhkəmə isə ölçməkdən boyun qaçırır.

2018-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən torpağın mənə aid olmasına dair texniki pasport almışam. Bundan sonra həmin şəxslər Nərimanov rayon BTİ-sini məhkəməyə verdilər. 2 ay məhkəmə getdi. Sonda Nərimanov rayon məhkəməsinin hakimi Kəmalə Əmirxanova heç bir sübut olmadığı halda 2015- ci ildə Sabunçu rayon məhkəməsinin qərarını əsas tutaraq kupçamı ləğv etdi. İclasda heç bir BTİ nümayəndəsi iştirak etməyib. Belə çıxır ki, BTİ mənə saxta kupça verib?! Qərardan Apellyasiya şikayəti verdik. Apellyasiya Məhkəməsi yanvarın 17-də keçirtdiyi iclasda heç bir sübuta baxmadan 20 dəqiqənin içində Nərimanov rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Burada əsasə məsələ rüşvətdir. Qarşı tərəf Mülkicahan Şadmanova və onun həyat yoldaşı Nizami Şadmanov hakimlərlə razılaşaraq kupçamı ləğv etdilər. Hələ mən dedilər ki, Ali Məhkəməni də udacağıq. Qardaşım boşanandan sonra iki uşağına aliment də verir, Xırdalandakı evinin bir otağını onlara da verib. Amma qayınana məndən ev tələb edir.  Necə olur ki, bu məhkəmələr bir vətəndaşın onun özünəməxsus olan evinin kupçasını hansısa rüşvət əsasında ləğv edə bilir?

Mən bütün qərarlardan müvafiq strukturların rəhbərlərinə müraciət etmişəm və bu məsələnin sonuna qədər gedəcəyəm”.