Qardaşının əvəzinə ölən nazirimiz

qardasinin-evezine-olen-nazirimiz
Oxunma sayı: 4764

Qan Turalı 

Bu kiçik bir mübarizə hekayəsidir.

Və qardaşlıq, doğmalıq, qurbanvermə hekayəsi... 

Söhbət iki qardaşdan gedir.

Onlar təkcə məslək yox həm də qan qardaşı idilər. 

Hadisə Məmmədbağır bəy və qardaşı Nağı bəy Şeyxzamanlı arasında baş verib.

Məmmədbağır bəy böyük qardaşdır. 

1880-ci ildə Gəncə şəhərində anadan olub.

1919-cu ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən təsis edilən  xüsusi xidmət orqanının-"Əksinqilab ilə mübarizə təşkilatı"nın rəisi təyin olunub.

Bir müddət bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində "Müsavat" fraksiyasının üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar, 1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Vəzifəsini qardaşına həvalə ediblər, Nağı bəyə. 

Məmmədbağır bəy isə deputat kimi fəaliyyət göstərib.

Arada ağır aylar, illər keçib.

Müsavat hökuməti süqut edib.

Məmmədbağır bəy həbs edilib.

Azadlığa çıxması üçün şərt qoyululub: “Qardaşın gəlib təslim olsun, səni azad edək”.

Nağı bəy ADR-in xüsusi xidmət orqanının rəhbəri kimi bolşeviklərin heç sevmədiyi bir adam idi.

Çünki bolşeviklərin gizli fəaliyyətini izlətdirirdi.

Onları daim nəzarət altda saxlayırdı.

Bu əlbəttə ki, onun vəzifə borcuydu.

Beriya da Nağı bəyin rəhbərliyi altında, xüsusi xidmət orqanında şöbə müdiri kimi çalışmışdı. 

Bolşeviklərin Nağı bəyi axtardığı bir zamanda Nağı bəy də gizlənirdi.

Qardaşının başına gələnləri öyrənir və təslim olmağa qərar verir.

Təki qardaşını buraxsınlar.

Özü öz ayağı ilə Çekaya gəlir.

Məmmədbağır bəy onu yuxarı mərtəbədəki kamerasının pəncərəsindən görür.

Pəncərəyə çıxıb qışqırır: Qaç, get burdan Nağı. Mənə heç nə edə bilməzlər. Qaç, get Gəncəyə”.

Nağı bəy qardaşının səsini eşidir amma qayıdıb getmək istəmir. 

Bu anda bəlkə heç filmlərdə də görmədiyimiz dramatik bir hadisə baş verir.

Məmmədbağır bəy deyir: “İçəri girsən özümü pəncərədən atacam. Qaç, get burdan”.

Nağı bəy bu sözlərdən sonra çıxıb gedir.

Gizli yollarla Gəncəyə ordan Tiflisə qaçır. 

Türkiyədə, Amerikada yaşayır. 

Çox keçmədən Məmmədbağır bəyi isə bolşeviklər güllələyirlər.

Belə bir fəci həyat hekayəsi... 

Azərbaycan Xalq Cümhuriyyəti bu cür fədakar və mübariz insanların sayəsində qurulmuş və yaşamışdır.

Və təəssüf ki, bəzən fədakarlıq da kifayət eləmir.

Eləmir...