Qarölçmə işləri 12 gün davam edib

qarolcme-isleri-12-gun-davam-edib
Oxunma sayı: 710

Respublikanın yüksək dağlıq ərazilərində 4 istiqamətdə aparılmış qarölçmə işləri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov bildirib ki, periodik olaraq hər il, mart ayında, yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır, qar örtüyünün hündürlüyü, qarın çəkisi və sıxlığı üzərində müşahidələr aparılır, qarın sululuğu müəyyən edilir.

Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması, su resurslarının qiymətləndirilməsi, quraq regionlarda sudan istifadənin yaxşılaşdırılması və dağ çaylarının idarə edilməsi bəndlərinin icrasının təmin edilməsi, həmçinin iqlim dəyişmələrinin yüksək dağlıq regionlara təsirinin müəyyənləşdirilməsi məqsədilə adlarını çəkdiyimiz dağlıq ərazilərdə qarölçmə işləri aparılıb. 

Qarölçmə işləri Respublika ərazisində 4 istiqamət üzrə əvvəlcədən müəyyən edilmiş 23 qarölçmə marşrutunda aparılmış və müvəffəqiyyətlə tamamlanıb. 

Qeyd edək ki, ölçü işləri əvvəlki illərə nisbətən daha geniş formatda təşkil olunub. Belə ki, departamentin yerli və regional qurumlarından cəlb olunmuş 15 nəfər mütəxəssisin iştirakı ilə təşkil olunmuş ekspedisiyalar 06-17 mart tarixlərində həyata keçirilməklə, 12 gün davam edib. 

 ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova qeyd edib ki, meteorologiya sahəsində təhsil alan gənc mütəxəssislərə ehtiyac var

Bu gün hidrometoroloji xidmətdə müasir texnologiyaların tətbiqi istiqamətində işlər aparılır. Lakin meteorologiya sahəsində gənc mütəxəssislərə ehtiyac var. Ona görə də meteorologiya sahəsində təhsil alan gəncləri bu sahəyə maraq göstərməyə çağırırıq və onları bizim hidrometeoroloqlar arasında görmək istərdik.