Qaşıqçı ölkəsinə qayıtsaydı, yüksək vəzifə veriləcəkdi - Üstü açıldı

qasiqci-olkesine-qayitsaydi-yuksek-vezife-verilecekdi
Oxunma sayı: 2806

Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd ben Salman əl Səidin müxalifətçi jurnalist Camal Qaşıqçını ölkəyə gətirmək üçün etdiyi cəhdlərin üstü açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” mənbəsinə istinadən məlumat yayıb. 

Nəşrin yazdığına görə, Səudiyyənin yüksək vəzifəli məmurlarının jurnalistin itməsi ilə birbaşa əlaqələri var. Həmçinin, qeyd edilir ki, ölkə nümayəndələri son aylar dəfələrlə Qaşıqçıya ölkəsinə qayıtması üçün çağırışlar ediblər. Xüsusilə də, onun təhlükəsizliyinin təmin olunacağı və hökumətdə yüksək maaşlı iş vədini veriblər. Qəzet yazır ki, jurnalist özü bu təkliflərə şübhəli yanaşırdı. 

Qeyd edək ki, daha əvvəl Türkiyə polisi Kaşıkçının Səudiyyənin İstanbuldakı konsulluqda öldürüldüyünü açıqlayıb. Səudiyyə hökuməti isə bunu təkzib edib. 

Bu arada ABŞ prezidenti Donald Tramp baş verənlərlə bağlı növbəti açıqlamasını verib. O bildirib ki, ABŞ Səudiyyə ilə bağlı hər hansı qərar verməmişdən əvvəl yoxa çıxan jurnalistlə bağlı məsələni aydınlaşdıracaq. 

Tramp ona verilən “Əgər Vaşinqton jurnalistin itməsində Ər-Riyadın əli olduğu qənaətinə gəlsə, ABŞ və Səudiyyə arasındakı əlaqələr necə olacaq” sualına isə belə cavab verib: “Hadisələrin bu cür inkişafından məmnun olmayacağıq. Bu, heç də yaxşı olmayacaq”.