QAT ATƏT sədrinin şəxsi nümayəndəsinə müraciət etdi- Mətn

qat-atet-sedrinin-sexsi-numayendesine-muraciet-etdi-metn
Oxunma sayı: 684

Qarabağ Azadlıq Təşkilatı Ermənistan tərəfinin atəşkəs rejiminin pozulmasına dair faktları saxtalaşdırılması ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə məktub göndərib. Azərbaycan və ingilis dillərində yazılmış məktub ATƏT-in Bakıdakı nümayəndəliyinə təqdim olunub. “Qafqazinfo”nun məlumatına görə, QAT hesab edir ki, bu məsələyə aydınlıq gətirilməsi üçün Minsk qrupu həmsədrləri də öz mövqelərini bildirməlidirlər. Məktubun surətləri ABŞ, Rusiya və Fransa səfirliklərinə də göndərilib. Kasprşikə göndərilən məktubda deyilir:
“Hörmətli cənab Şəxsi Nümayəndə.
Azərbaycan Ordusu ilə işğalçı Ermənistan ordusunun təmas xəttində atəşkəs rejiminin pozulmasına dair ziddiyyətli məlumatlarla bağlı Sizə müraciət edirik. Azərbaycan tərəfinin məlumatlarına görə, atəşkəs rejimi həftə ərzində orta hesabla 15-20 dəfə, ay ərzində orta hesabla 60-80 dəfə pozulur. Erməni tərəfinin məlumatları isə həddindən artıq şişirdilmiş görünür. Belə ki, erməni tərəfi guya Azərbaycanın atəşkəs rejimini həftə ərzində orta hesabla 200-250 dəfə, ay ərzində orta hesabla 1000-1100 dəfə pozması haqda məlumat verir. Biz göstərilən rəqəmlər arasında 10 dəfədən artıq fərqin olmasını növbəti erməni saxtakarlığı hesab edirik. Bu, ermənilərin yalançılığına növbəti sübutdur. Ermənilər hər şeyi şişirtməyə, 10-20 dəfə artırmağa öyrəşiblər. Məsələn, Cənubi Qafqaza cəmisi 200 il bundan əvvəl gəlmələrinə baxmayaraq, dünyanı inandırmağa çalışırlar ki, guya 2 min ildir ki, buradadırlar, yəni məlum rəqəmi 10 dəfə artırırlar. Uydurma “erməni soyqırımı” və digər məsələlərlə bağlı da eyni yanaşmanı müşahidə edirik. Bu, erməni xasiyyətidir, hər şeyi şişirdir, hər şeyi saxtalaşdırırlar. Biz bunu bilirik, amma təssüf ki, dünya erməniləri hələ də yaxşı tanımır.
Hörmətli cənab Şəxsi Nümayəndə.
Biz bu faktın da üzərindən sükutla keçə bilərdik. Amma ehtiyyat edirik ki, ermənilər bir neçə ildən sonra bu saxtalaşdırılmış faktlardan bizə qarşı təbliğat vasitəsi kimi istifadə edəcək, Azərbaycanı atəşkəsi daha çox pozan tərəf kimi təqdim edəcəklər. Ona görə də bu məsələni araşdırmağınızı xahiş edirik. Ermənilərin verdikləri məlumatlar məntiqlə bir araya sığmır. Bir həftədə 168 saat, bir ayda isə 720 saat varsa və Azərbaycan həftə ərzində atəşkəsi 250, ay ərzində 1100 dəfə pozursa, onda belə alınır ki, Azərbaycan atəşkəsi guya dayanmadan, hər saat və hətta hər saatda bir neçə dəfə pozur. Bu isə reallıqdan tamamilə uzaqdır. Amma ermənilərin bu saxtalaşdırılmış faktlardan gələcəkdə istifadə etmək təhlükəsi qalır. Ona görə də xahiş edirik ki, atəşkəs rejiminə nəzarəti həyata keçirən şəxs kimi bu məsələyə rəsmi münasibətinizi bildirəsiniz”.