Qatil ata imkan versəydi...

qatil-ata-imkan-verseydi
Oxunma sayı: 1434

Nərmin Dadaşova

Uşaq vaxtı balaca sevimli bir gəlinciyim var idi. Gözləri dəniz mavisi, saçları saman sarısı, çəhrayı çiçəkləri olan paltarı vardı. Balaca dostlarımla evcik qurardıq, birimiz müəlliməsi, birimiz həkimi, birimiz bacısı olardıq. Mən isə həmişə anası olurdum gəlinciyimin. Mən əmin idim, əmin idim ki, bir gün mütləq yaxşı ana olacam. Qız anası özü də. O qədər yaxşı davranırdım ki, cansız qızlarımla, elə çox sevirdim ki onları kainat bunu - mənim ən gözəl arzumu ən gözəl şəkildə gerçəkləşdirdi. İki qız uşağı ilə mükafatlandırdı məni. 

Bir məşhur mahnıda deyildiyi kimi, kişilərin əsgərlik, qadınların doğum xatirələri bitib tükənməz. O müqəddəs gün, qızlarımı qucağıma aldığım gün Tanrıya söz verdim. Söz verdim ki, bir də heç vaxt, heç nə istəməyəcəm ondan. Çünki bir insanın sahib ola biləcəyi bütün yaxşı şeylərə bu iki gözəlliklə bərabər qovuşmuşdum.  

Düz üç gün gözlədim. Üç gün gözlədim ki, bəlkə xəbərə təkzib gələ. Lənkəranda baş verən hadisəni, beş günlük körpənin qız doğulduğu üçün atası tərəfindən öldürülməsini deyirəm. Dəhşətdir! Adamın öldürülməsi, bapbalaca adamın öldürülməsi, bapbalaca  adamın atası tərəfindən öldürülməsi, bapbalaca adamın atası tərəfindən işgəncə verilərək öldürülməsi – sadəcə dəhşətdir! 

Əgər o qatil ata imkan versəydi, bir balaca vaxt versəydi Mələyə, bircə il, altıca ay dözsəydi çox sevəcəkdi onu, əminəm. Qız uşaqları atalarını bir başqa sevir. Mən məsələn, atamın adı gələndə gözlərim dolur. Mən atamı ağ ciyərimdə, nəfəs borumda, şah damarımda -  yaşamaq üçün, nəfəs almaq üçün vacib olan bütün orqanlarımda sevirəm. O getsə, o olmasa nəfəssiz qalaram.  Əminəm, atası Mələyi öldürməsəydi o da belə olacaqdı. Atasına çay süzəcəkdi, yemək bişirəcəkdi, paltarlarını ütüləyəcək, yorğun günün sonunda  bir qab isti yemək verəcəkdi. 

Bir dəfə bu haqda yazmışdım. Cənub rayonlarımızın birində doğulan qız uşağına görə əlli, oğlan uşağına görə isə  yetmiş manat pul ödəyirlər kəndin mamaçasına. Hər dəfə bu nisbət yadıma düşəndə tüklərim  ürpənir,  bu “iyirmi manat”lıq ucuzluq ağlım kəsəndən bəri mənə əzab verir.

Lütfən, bizi belə ağır yüklərin altında qoymayın. Bizi “uşağın cisiyyəti yalnız atadan asılıdır. Atanın anaya ötürdüyü x-y xromosomlarından” kimi iyrənc cümlələr qurmağa məcbur etməyin. 

Qızlarınızı öldürməyin, qoyun doğulsunlar. 

İmkan verin əlləri, ayaqları, ürəkləri böyüsün. 

Saçları uzansın qızlarınızın.