Qaynını öldürənin məhkəməsi olub

qaynini-oldurenin-mehkemesi-olub
Oxunma sayı: 885

Bakı Ağır Cinayətlər Məhkəməsində qaynını öldürməkdə təqsirləndirilən Seymur Abıyevin məhkəməsi keçirilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə şahid Abdulla Abıyev ifadə verərək oğlunun qətl törətdiyini sonradan bildiyini deyib: “Seymur demişdi ki, mərhum Aminin telefonunu dəniz kənarından tapıb. Sonra bildim ki, onu öldürüb”.

S.Abıyev cinayəti gizlətmək istədiyi üçün yalandan belə dediyini bildirib.

Ötən iclasda S. Abıyev ifadə verərək qətl törətməsinin səbəbini açıqlayıb: “Onun mənə borcu var idi, istədim, pulunun olmadığını dedi. Sonra da borcuna qarşılıq həyat yoldaşını mənə təklif etdi, "arvadımdan xoşun gəlir?" deyə soruşdu, mən də bunun düz hərəkət olmadığını ona izah elədim. Sonra bir yerdə pivə içməyə getdik, içəndən sonra yenə arvadını mənə təklif etdi.  Əsəbiləşdim,  beynim çöndü, yerdən dəmir götürüb bir neçə dəfə vurdum, elə ordaca öldü. Sonra da həyətdə yer qazıb basdırdım".

Mərhum A. Bayramovun həyat yoldaşı məhkəmədə ifadə verərək S. Abıyevin yalan danışdığını deyib: "İki ay əvvəl Seymur mənə zəng etdi, məndən xoşu gəldiyini, yaxın münasibətdə olmaq istədiyini dedi. Bir neçə dəfə mənə zəng etmişdi, Aminə demədim ki, dava edərlər. Bircə anama demişdim".
İstintaq zamanı da S. Abıyevin A.Bayramovun həyat yoldaşına zəng etdiyi aşkar olunub.

Murad Əhməd