Qazaxıstandan üz çeviririk? - 2 qəpiklik fərq…

qazaxistandan-uz-ceviririk
Oxunma sayı: 3045

Dünya Sakit

Dünən Azərbaycanın regional əhəmiyyətli layihəsi olan Bakı-Tiflis-Qars dəmir yol xətti rəsmən açıldı. Açılış mərasiminə qatılan Qazaxıstanın baş nazirinin dediklərindən məlum oldu, xəttin rentabelli işləməsi üçün Xəzərin o tayından böyük dəstək olacaq. Elə xətlə ilk yola salınan da Qazaxıstanın Kurik limanından gələn qatar oldu – Çin məhsullarını daşıyırdı...

Açılış törəninə qatılan rəsmi qonaqların tərkibinə baxdıqda BTQ-nin açılışına kimlərin şad olduğunu da görmək olur – Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan. Gürcüstan və Türkiyəni çıxmaqla, yerdə qalan dövlətlər bu marşruta həm dost ölkənin uğuru, həm də öz mallarını Avropaya daşımaqda Rusiya asılılığını ən azı yüngülləşdirəcək bir yol kimi baxırlar. Xüsusilə Qazaxıstan mətbuatına nəzər yetirdikdə, BTQ-yə yüksək önəm verdikləri açıq hiss olunur.

Vaxtilə Bakı-Tiflis-Ceyhan açılanda da Qazaxıstanda belə əhval-ruhiyyə vardı – qazaxlar öz neftlərini bu kəmərlə daşıyacaqlarını deyirdilər. Lakin bu, reallaşmadı – kəmərin səhmdarları daşıma tariflərini elə təyin etdilər ki, Qazaxıstana öz neftini onunla daşımaq sərfəli olmadı. Belədə Qazaxıstan daşımaları dəmiryol üzərindən etməyə çalışdı – lakin burada da birdən-birə tariflər at belinə qalxdı. Qazaxıstan mətbuatının bu mövzuda açdığı çoxsaylı müzakirələr indi də qalmaqdadır.

Ümumiyyətlə, son illərdə Azərbaycan-Qazaxıstan siyasi əlaqələrindəki istilik iqtisadi əlaqələrdə əksini tapmır. Belə ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsi 2014-cü ildə 250,9 milyon dollardan 2016-cı ildə 124,4 milyon dollara düşüb.  2017-ci ilin birinci yarısında isə bu rəqəm 74,4 milyon dollar olub. Dövriyyənin azalması əsasən buğdanın hesabına baş verib. Belə ki, 2013-cü ildə Azərbaycan Qazaxıstandan 233,6 milyon dollarlıq buğda idxal edib. 2016-cı ildə idxal 12 dəfədən də çox azalaraq cəmi 18,6 milyon dollar təşkil edib. Həcm ifadəsində  isə  idxal 849 min tondan 93 min tona qədər azalıb. 

Çox təəssüf ki, Azərbaycan buğda-çörək kimi son dərəcə strateji məhsulun idxalında ağırlığı Qazaxıstandan Rusiyaya keçirib – 2013-cü ildən 557,4 min ton olan idxal 2016-cı ildə 1,5 milyon tona çatıb. Bu iki ölkənin Azərbaycana, Azərbaycan xalqına münasibətindəki yerlə-göy fərqini 2016-cı ilin aprel müharibəsi o qədər açıq göstərdi ki... O zaman Rusiyanın hadisələrə birbaşa müdaxiləsinin qarşısını Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qətiyyətli etirazı aldı. Ardınca isə Nazarbayev Ermənistanda keçirilən görüşə qatılmaqdan imtina etdi. Rusiyanın apreldən sonrakı addımları, Lavrovun erməni kökünə bağlı reaksiyası da ortada.

Və biz çörəyimizi “çörəkçi”dən deyil, Rusiyadan almağı seçirik. Buğdanın niyə Qazaxıstandan deyil, Rusiyadan alınmasına dair söhbət etdiyim idxalçılar qazax buğdasının baha olduğunu əsas gətirirlər. Bəli, Qazaxıstan buğdası Rusiya malından bahadır, amma çox cüzi – hər kiloqramda 2-3 qəpik. Məsələn, ötən il Rusiyadan buğdanın kiloqramı 18 qəpiyə, Qazaxıstandan isə 20 qəpiyə alınıb. Yəni bu 2 qəpiklik fərq o qədərmi cəlbedicidir ki, biz özümüzü Rusiyadan çörək asılılığına salırıq? Axı mütəxəssislər birmənalı şəkildə deyirlər ki, Qazaxıstanda dəmyə üsulu ilə becərilən buğda Rusiya məhsulundan çox-çox keyfiyyətlidir. Hətta dünya bazarında da qazax buğdası ən yüksək keyfiyyətli məhsul kimi tanınır. 

Sabah-birigün Dağlıq Qarabağı müharibə yolu ilə geri alma q istəsək yanımızda-arxamızda kimi görərik – rusu, yoxsa soyumuz-kökümüz bir olan qazaxları?! Özümüzü ərzaq buğdası ilə təmin etmək gücündə deyilik, heç olmasa bu məhsulu elə yerdən alaq ki, sabah çörəyimizi kəsib bizi ac qoymasın... 

Hər halda, buğda ticarətini həyata keçirən milli tacirlərimizin bu məsələdə yalnız öz ciblərini deyil, dövlətin, xalqın təhlükəsizliyini də nəzərə alacaqlarına inanmaq istərdim.