Qazımızı artırdılar

qazimizi-artirdilar
Oxunma sayı: 655

Ölkə ərazisində, o cümlədən, Bakı şəhərində qaza olan tələbatın artması təzyiqin azalmasına səbəb olub.

Bunu nəzərə alaraq, “Azəriqaz” İstehsalat Birliyi problemin yaranmaması üçün müvafiq tədbirlər həyata keçrib. Birliyin Qaz təsərrüfatı istismarı şöbəsinin rəisi Vaqif Namazov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, havaların soyuması ilə əlaqədar “Azəriqaz” tərəfindən artıq qış vaxtına keçilib. Ölkə ərazisində qazın sərfiyyatının iki dəfə artdığını nəzərə alaraq, “Azəriqaz” qazın həcmini də iki dəfə artırıb.

Şöbə rəisinin sözlərinə görə, qazla bağlı dünən və bir neçə gün əvvələ kimi problem vardırsa, dəyişiklikdən sonra qaz verilişi stabilləşib: “Qazanxanalar noyabrın 15-dən istilik mövsümünə başlayır. Lakin havaların ötən illərlə müqayisədə tez soyuması, qış mövsümünə keçməni sürətləndirib. Bunun üçün şaybaları dəyişdirmişik. Qazın verilməsi tənzimlənir. Qazın verilişi ilə bağlı problem yoxdur”.

“Azəriqaz” rəsmisi əlavə etdi ki, hansı ərazidə qazın təzyiqi azdırsa, müraciət etsinlər və problem aradan qaldırılsın.

Qeyd edək ki, çoxillik meteoroloji müşahidələrə görə, respublikada belə anomal soyuq hava şəraiti sonuncu dəfə 20 il əvvəl - 1992-ci ilin oktyabrında müşahidə edilib. Hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu çoxillik normadan 4 dərəcəyədək aşağıdır.