Qazlaşdırma işləri ilə bağlı müqavilə imzalandı

qazlasdirma-isleri-ile-bagli-muqavile-imzalandi
Oxunma sayı: 644



Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tаriхli 80 saylı Fərmanı ilə təsdiq olunmuş “Аzərbаycаn Rеspublikаsı rеgiоnlаrının 2009-2013-cü illərdə sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı”nın və 04 mаy 2011-ci il tаriхli 1490 saylı Sərəncаmı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı əhalinin və digər istehlakçıların payız-qış mövsümündə normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. “Azəriqaz”dan “Qafqazinfo”ya verilən məlumata görə, 01 iyul 2012-ci il tarixə Azərbaycan Respublikasında 1403049 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 76,2 faiz, o cümlədən Bakı şəhərində 632068 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 96,2 faiz, regionlarda 770981 əhali abonenti olmaqla qazlaşma səviyyəsi 65,2 faiz təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin əsas strateji hədəflərindən biri dövlət proqramlarında qaz təchizatı ilə bağlı nəzərdə tutulmuş tədbirlərin vaxtında icrası və respublikanın qazlaşma səviyyəsinin 2013-cü ilin sonuna qədər 95 faizə çatdırılmasından ibarətdir. Belə ki, 2013-cü ilin sonuna qədər respublikanın müxtəlif bölgələrində 463514 mənzilin qazlaşdırılması nəzərdə tutulub.

Şəbəkənin nəqletmə imkanlarının artırılması və təhlükəsiz istismarının təmin olunması, qaz təchizatının yaxşılaşdırılması ilə bağlı mövcud daşıyıcı və paylayıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidən qurulması, kənd yaşayış məntəqələrinin və yeni yaşayış sahələrinin qazlaşdırılması üçün 2012-2013-cü illərdə icrası nəzərdə tutulan layihə hazırlanıb.

Əsasən respublikanın bütün bölgələrini əhatə etməklə layihəyə 32÷530 mm diametrli 1877 km polad daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 25÷400 mm diametrli 19377 km polietilen daşıyıcı və paylayıcı qaz kəmərlərinin, 463514 ədəd qaz sayğacının (o cümlədən 48145 ədəd “smart-kart” tipli elektron qaz sayğacının, 415369 ədəd mexaniki qaz sayğacının) və bununla bağlı 20÷25 mm diametrli 20896 km boru xəttinin quraşdırılması, 439189 ədəd fərdi qaz tənzimləyicilərinin, 1162 ədəd qaztənzimləyici şkafların, 80 qazpaylayıcı stansiyada yeni tənzimləyici və nəzarət-ölçü avadanlıqlarının quraşdırılması daxildir.

Bu irimiqyaslı layihənin icrası üçün müqavilə imzalanmış, müqavilə şərtlərinə uyğun olaraq respublikanın bütün regionlarında qazlaşma, təmir-bərpa və yenidənqurma işlərinin icrasına başlanılıb.