“Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası dialoqun bariz nümunəsidir”

qebele-beynelxalq-musiqi-festivali-medeniyyetlerarasi-dialoqun-bariz-numunesidir
Oxunma sayı: 3650

Politoloq, Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda musiqinin inkişafı və dünya musiqisi ilə inteqrasiyası istiqamətində böyük işlər görülüb. Məhz bu baxımdan, Qəbələdə Musiqi Festivalının keçirilməsi Azərbaycanda musiqiyə verilən önəmin və dövlət tərəfindən göstərilən qayğının nəticəsi kimi dəyərləndirilməlidi.

Azərbaycanda son illərdə irimiqyaslı layihələrə imza atılır. Məhz bu baxımdan, Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi ölkəmizin siyasi-mədəni həyatında böyük bir hadisədir. Bu isə, heç şübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən hərtərəfli qayğının göstəricisidir. İncəsənət xadimlərinə, yaradıcı insanlara, musiqiçilərə dövlət titullarının, təltiflərin, maddi durumlarının yaxşılaşdırılması məqsədilə təqaüd və mükafatların verilməsi onların sənətinin, Azərbaycan incəsənətinə və musiqisinə verdikləri töhfələrin yüksək qiymətləndirilməsinin nəticəsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında Qəbələ şəhərində keçirilən musiqi festivalının 10 yaşı tamam olur. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə 10-cu yubiley festivalı bu il iyul ayının 30-dan avqust ayının 7-dək keçiriləcək.

Bu musiqi festivalının dünyada mədəniyyətlərarası dialoqa verdiyi töhfənin və oynadığı rolun tam aydınlaşdırılması üçün onun tarixinə qısa nəzər salmaq yerinə düşərdi.

Qəbələ musiqi festivalı çərçivəsində klassik musiqi konsertləri, caz və muğam gecələri təşkil olunur. I Qəbələ Beynəlxalq musiqi festivalında dünyanın 16 ölkəsindən – ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan, İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilər iştirak etmişlər. 2009-cu ildə musiqi festivalı ilə eyni vaxtda gənc pianoçular müsabiqəsi də keçirilib.

2010-cu ildə baş tutmuş festivalda UNESCO-nun baş direktoru İrina Bokovanın iştirak etməsi yaddaqalan bir hadisə olmuşdur. Həmin il keçirilən festivalda Dmitri Yablonski, Yuri Başmet, Xloe Xanslip, pianoçu Boris Berezovski kimi musiqiçilər çıxış edib.

2012-ci ildə keçirilən 4-cü Qəbələ Beynəlxalq Musiqi Festivalında dünyanın 10 ölkəsindən 350 musiqi iştirak etmişdir. Bu festival çərçivəsində ilk olaraq Kamera Musiqisi axşamı keçirilmişdir. Görkəmli bəstəkar Fikrət Əmirovun 90 illik yubileyinə həsr edilmiş konsertin 2-ci hissəsində milli musiqimizin incisi hesab olunan muğam ifa olunub.

2013-cü il 24 iyul – 6 avqust tarixləri arasında keçirilmiş V Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər və musiqi kollektivləri, həmçinin Yerusəlim Simfonik Orkestri, “Yeni Rusiya” (“Новая Россия”) Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Simfonik Orkestri, “Septeto Santiaguero”un Kuba caz qrupu, Oksana Yablonskaya solistləri, İdil Biret, Vadim Repin, Sergey Leyferkus, Fərhad Bədəlbəyli, Dmitri Yablonski və başqaları çıxış edib. V Qəbələ musiqi festivalı çərçivəsində təşkil edilmiş kamera musiqisi axşamı Sergey Raxmaninovun xatirəsinə həsr olunub.

2014 - cü il 23 iyul – 1 avqust tarixləri arasında keçirilmiş VI Qəbələ Beynəlxalq Musiqi Festivalında Yohannesburq simfonik orkestri, Vyana kamera musiqisi ansamblı, ABŞ,Ukrayna, Rusiya, İspaniya, İsrail, Azərbaycan təmsilçiləri, həmçinin müğənni Mira Avad çıxış edib.

2015-ci il 25-31 iyul tarixləri arasında keçirilmiş 7-ci Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan musiqiçilər və kollektivlər - İtaliya Simfonik Orkestri, “Moskva virtuozları” Kamera Orkestri, Avstriya Vayner Akademiyasının Kamera Ansamblı, “Flamenko” ansamblı, “Dubrovnik Guitar Trio”, Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Qandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Qindin, Taras Yaqopud və başqaları iştirak ediblər.

2016 - ci il 30 iyul – 5 avqust tarixləri arasında keçirilmiş 8-ci Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Vyana Akademik Orkestri, İspaniyanın “Suite Española”, Yunanıstanın folklor kvarteti, Kubanın “Gənc klassiklər”, “Kiyev virtuozları”, İsrailli bəstəkar, dirijor və pianoçu Gil Şohat və s. çıxış ediblər.

2017 - ci il 29 iyul – 3 avqust tarixləri arasında keçirilmiş 9-cu Qəbələ Beynəlxalq Musiqi Festivalında Bakı Musiqi Akademiyasının kamera orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri, İngiltərənin Femusa kamera orkestri, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Azər Rzazadə, İsfar Sarabski və digərləri ilə yanaşı, Janna Qandelman (İsrail), Mixael Sladkin (ABŞ), Dmitriy Yablonski (ABŞ), Canluicci Sartori (İtaliya), Mojca Zlobko Vajgl (Sloveniya), Nomeda Kazlaus (Litva) və digər ölkələrin musiqiçiləri çıxış ediblər.

Bu illər ərzində keçirilmiş musiqi festivalları çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olunub.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva 9-cu musiqi festivalının iştirakçılarına ünvanlanmış məktubunda bu tədbiri mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran bir layihə kimi dəyərləndirmişdir. O qeyd etmişdir ki, nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. “Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı Azərbaycanın dünyada multikulturalizm və tolerantlığın uğurlu modellərindən biri kimi tanıdılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir”.

Sadalanan bütün faktlar bir daha onu deməyə əsas verir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyətini dünyaya tanıdır. Belə ki, festival çərçivəsində Azərbaycanın görkəmli bəstəkarları, musiqiçiləri ilə yanaşı, dünya şöhrətli xarici bəstəkarların da əsərləri ifa edilir.

Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq dünyada keçirilən mədəniyyət tədbirləri arasında özünə yer tapmış və Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Bu festival Azərbaycan xalqının əsrlər boyu yaradıb günümüzədək yaşatdığı milli musiqimizin nadir incilərinin, milli musiqinin dünya musiqisi ilə sintezindən yaranan gözəl sənət nümunələrinin dünyaya tanıdılmasında mühüm rol oynayır. Azərbaycanı yalnız neft ölkəsi kimi tanıyan xarici ölkə vətəndaşları Qəbələdə olduqdan və festivalda iştirak etdikdən sonra Azərbaycan mədəniyyəti barədə yeni və zəngin təəssüratlara informasiya əldə edirlər.

Qəbələ Beynəlxalq Musiqi Festivalının keçirilməsi, Azərbaycanın muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edən Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi, ölkə mədəniyyətinin tanıdılması üçün görülən işlərin zirvəsini təşkil edir.

Qəbələ Musiqi Festivalı Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun təmin edilməsində oynadığı mühüm rolun əhəmiyyətini vurğulayır. Ölkəmizin iqtisadi, siyasi, kommunikasiya sahəsində Avropa ilə Asiyanı birləşdirən mühüm dəhliz olması beynəlxalq miqyasda qəbul olunmuş bir faktdır. Qəbələ Musiqi Festivalı ölkəmizin həm də mədəniyyətlərarası dialoqda önəmli körpü rolunu oynadığını sübuta yetirir. Festivalda iştirak edən qonaqların mənsub olduğu region və ölkələrin müxtəlifliyi, onların təmsil etdikləri musiqi mədəniyyəti nümunələrinin bir arada, bir məkanda səslənməsi mədəniyyətlərarası dialoqun reallaşdırılmasına təsir edən mühüm amillərdir. Festivalda iştirak edən qonaqlar Qəbələ Musiqi Festivalının Qərblə Şərqi yaxınlaşdırdığını, mədəniyyətlərarası dialoqa töhfə verdiyini qeyd ediblər.

Ölkəmizdə dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş dahi sənətkarlar – Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Qara Qarayev, Rəşid Behbudov kimi musiqiçilər yetişmişdir. Bu bir daha sübut edir ki, Azərbaycan musiqinin beşiyi olmaqla yanaşı, həm də dünya musiqi mədəniyyətinin zənginləşdirilməsi üçün ən əlverişli məkanlardan biridir.

Əvvəldə də qeyd etdiyim kimi, Qəbələ Beynəlxalq Musiqi Festivalının 10-cu yubileyi bu il iyul ayının 30-dan avqust ayının 7-dək keçiriləcək. Bu yubiley tədbirində də dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər iştirak edəcək və mədəniyyətlərarası dialoqun təşkili istiqamətində mühüm addımlar atılacaq.

Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanın ən istedadlı, tanınmış, gənc və peşəkar musiqiçilərinin xaricdə böyük şöhrət qazanmış musiqiçilərlə eyni səhnəni bölüşməsi olduqca əlamətdardır. Həmçinin festival çərçivəsində dünya klassik musiqisinin ən tanınmış nümayəndələri ölkəmizi ziyarət edirlər.

Festivalla bağlı ölkəmizə təşrif buyuran dünyanın inkişaf etmiş ölkələrinin vətəndaşlarının, musiqiçilərin və yaradıcı insanların Azərbaycanda olan siyasi sabitliyin, firavan həyat tərzinin, tolerantlığın, qonaqpərvərliyin, paytaxtda və regionlarda sosial-iqtisadi, mədəni inkişaf səviyyəsinin şahidi olması bu tədbirin siyasi əhəmiyyətini daha da artırır. Qəbələ öz qədim ənənələri ilə çağdaş ənənələrin qovşağında müasir Avropa şəhərinə çevrilmişdir. Məhz bu nöqteyi-nəzərdən klassik musiqi festivalının Qəbələ şəhərində keçirilməsinin böyük siyasi əhəmiyyəti vardır.

Festivalın bədii rəhbəri pianoçu, SSRİ xalq artisti, Azərbaycanın Dövlət mükafatı laureatı, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylidir. Onun müəyyən etdiyi uğurlu repertuar nəticəsində hər il keçirilən festivalda yeni-yeni gənc istedadlar çıxış edirlər. Eyni zamanda Azərbaycanın klassik musiqisini dünyada təbliğ edən xalq artistləri, Yeganə xanım Axundova, Murad Adıgözəlzadə, Murad Hüseynov, istedadlı gənc dirijor, əməkdar artist Fuad İbrahimov, hər il ən ənənəvi olaraq Fərhad müəllimlə çiyin-çiyinə, yaxından iştirak edirlər.

Ölkə başçısının qayğısı və dəstəyi ilə ən müasir və son texnoloji avadanlıqlarla təchiz edilmiş Azərbaycan Televiziyası bütün bu musiqi bayramının birbaşa və canlı olaraq geniş izləyici auditoriyasına çatdırılmasını təmin edir. Televiziyamızda yaradılmış müasir maddi-texniki şərait və peşəkar işçi heyəti ölkəmizdə keçirilən mühüm dövlət və beynəlxalq tədbirlərin vizuallaşdırılmasının öhdəsindən layiqincə gəlməyə çalışır. Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, bu 10 il ərzində Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı da özünəməxsus missiya yerinə yetirmişdir. Festivalın başladığı ilk gündən etibarən televiziyamızın Qəbələyə ezam olunan yaradıcı, texniki heyət, eləcə də

Səyyar Televiziya Studiyası (STS) Festivalın lentə alınıb milyonlarla tamaşaçıya çatdırılması üçün əlindən gələni edir. Bütün bunlar isə, əlbəttə ki, televiziyamızın maddi-texniki imkanlarının dünyanın inkişaf etmiş ölkələrinin televiziya kanallarının imkanları səviyyəsinə çatdırılması nəticəsində mümkün olmuşdur.

Sonda mən bütün musiqi ictimaiyyəti adından Dövlətimizə bizə yaradılan bu qayğı, inam və etimada görə minnətdarlığımı bildirirəm! Fürsətdən istifadə edib festivalın iştirakçılarına uğurlar arzu edirəm!