“Qəbələ” beynəlxalq turniri mükafatla başa vurdu

qebele-beynelxalq-turniri-mukafatla-basa-vurdu
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə birinciliyin son qarşılaşmasında "Dardanelspor"la üz-üzə gələn təmsilçimiz Fərid Əsədlinin yeganə qolu ilə görüşü qalib bitirib. Bu nəticədən sonra komanda 3-cü dəfə iştirak etdiyi turnirdə ən yaxşı nəticəni müəyyənləşdirib. Xatırladaq ki, ilk dəfə 2010-cu ildə iştirak etdiyi turnirdə təmsilçimiz turnirin ən ümidverici komandası seçilmişdi. Bir il sonra isə "Qəbələ" turniri 7-ci sırada tamamlamışdı.

Turnirə Dünya və Türkiyə yığmalarının qarşılaşması ilə yekun vurulub. Türkiyənin NTV Spor kanalı vasitəsilə canlı yayımlanan görüş dostluq şəraitində keçib və sülhlə yekunlaşıb - 0:0. “Qəbələ”li futbolçular - yarımmüdafiəçi Baxşəli Baxşəliyev və hücumçu Coşqun Süleymanovun yer aldığı Dünya yığması matç boyunca üstün oyun nümayiş etdirsə də, hesab açılmayıb. Dünya yığmasının məşqçilər heyətində də "Qəbələ" təmsilçisi yer alıb. Komandanın baş məşqçisi Halim Fıçıcı Dünya yığmasının baş məşqçisi Zepp Piontekin koməkçisi vəzifəsini yerinə yetirib.

Qarşılaşmadan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə komandalara və futbolçulara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. Mükafatçılar sırasında turniri 5-ciliklə yekunlaşdıran "Qəbələ" də yer alıb. Turnirin ümidverici komandası mükafatına layiq görülən təmsilçimiz 3 dəfə iştirakçısı olduğu birincilikdə ikinci dəfə bu nominasiyanın qalibi olub.

Turnirin birincilik kürsüsünə isə "Bursaspor" qalxıb. Bursalılar finalda "Bröndbi"ni yenməklə qızıl medalları boyunlarından asıblar. Turnirin bürünc medallarına sahib çıxan "Fənərbaxça" "Aydınspor"u bir addım qabaqlamağı bacarıb.

Ceyhun Əhmədov