“Qəbələ” bundan artıq nə etməlidi?” - Qriqorçuk

qebele-bundan-artiq-ne-etmelidi
Oxunma sayı: 1361

Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə “Neftçi”yə uduzan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk (0:1) oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Bu gün yaxşı oyun izlədik. Təəssüf ki, bu matçda məğlub olduq. Futbol belədi. Komandamın oyunundan razı qaldım. Futbolçularım kombinasiyalı, sürətli oyun sərgilədilər. Cərimə zərbəsindən erkən qol buraxdıq. Rəqib bizim qapının önündə az qol fürsəti yaratdı. Demək olar, yüzfaizli qol epizodu yaratmadılar. Qol buraxdığımız epizodda məncə, cərimə yox idi. Bu, birinci dəfə deyil.

- Ümumiyyətlə, hakimliyi necə dəyərləndirərdiz. Hakim tez-tez oyunu saxlayaraq xırda follar verirdi. Siz də buna tez-tez etiraz edirdiz...

- Dediyim kimi, qol buraxdığımız cərimə zərbəsi məncə, düzgün verilməmişdi. Komandam yaxşı mübarizə apardı. Lakin 3-cü dəqiqədə verilən cərimə zərbəsi hər şeyi tam dəyişdi. Etiraz edəndə deyir ki, rəqibə də sarı vərəq göstərdim. Əlbəttə, göstərməlisən. Hətta daha artıq göstərməli idi. Hakim meydanda düzgün idarəçilik etməlidi. Düzdü, biz hakimliyi yox, öz oyunumuzu müzakirə etməliyik. Məhəmməd Mirzəbəyov bir neçə dəfə simulyasiya etsə də, hakimin fiti susurdu. O, ilk hissədə simulyasiya etdi, bunun da nəticəsində təyin edilmiş cərimə zərbəsindən rəqib hesabı açdı. Daha sonra da bunu təkrarladı. Biz isə futbolçularımıza həmişə simulyasiya etməməyi tapşırırıq. Məhəmməd dindar insandı, yalan danışa bilmir. İndi onun özündən soruşacam, görək həmin epizodda simulyasiya etmişdi, ya yox.  Hakim buna niyə göz yumurdu? Mən bundan yorulmuşam. Artıq neçənci dəfədi eyni hal təkrarlanır. “Qəbələ” bundan artıq nə etməlidi? Biz döyüşürük, əlimizdən gələni edirik, oyunlara yaxşı hazırlaşırıq. Lakin bu cür qərarlar hər şeyi məhv edir. Artıq oyunçuların üzünə baxa bilmirəm. Rəqib də yaxşı təsir bağışladı. Ümumilikdə, bu gün meydanda sərgilənən futbol mənim xoşuma gəldi.

- Rəqib azlıqda qalsa da, yenə qalib gələ bilmədiz. Buna hakimlər nə etsin?

- Bununla razılaşmıram. Rəqibə qırmızı vərəqə verilməli idi. Hakim rəqib futbolçuya qırmızı vərəqə göstərməklə bizə kömək etmədi. O ki qaldı oyuna, bayaq da dediyim kimi, futbolçularımın oyunundan razı qaldım.

- Bu gün Ruslan Qurbanovu müdafiədə oynadırdız. Bu, ona bir qədər yad mövqedi.

- O artıq bundan öncəki 6-7 oyunda da bu mövqedə çıxış edib. Bu, onda yaxşı alınır. Ruslan həm hücumda, həm də arxa xətdə yaxşı çıxış edir. 

- Bir də, bu gün hamı qapıda Dmitri Bezotosnının olacağını gözləsə də, siz Aqil Məmmədova şans verdiz.

- Aqilin start heyətdə yer almasına səbəb Dmitrinin zədəli olması idi. O, kubok oyununa da zədəli çıxmışdı.

- “Qarabağ” artıq çempion oldu. Bu, komandanı növbəti oyunlara kökləməkdə çətinlik yaratmayacaq ki?

- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bu komanda artıq bir neçə tur idi çempionluğa çox yaxın idi. Onlar buna layiq idilər. Bu komanda digərlərini aşkar üstələyirdi. “Qarabağ” ilk pilləni təmin etdi. Lakin biz hələ 2-ci pilləni təmin etməmişik. Biz çempionatda da sona kimi mübarizə aparmalıyıq. Düzdü, kubok bizim üçün vacibdi, lakin bu o demək deyil ki, çempionatda var qüvvəmizlə mübarizə aparmayacağıq.