“Qəbələ” – “Qarabağ”a qarşı - Rəşad Sadıqov üçün çempionluq oyunu

qebele-qarabaga-qarsi
Oxunma sayı: 1424

Sabah AFFA Gənclər Liqasında cari mövsümə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, U-19 Liqasının qalibi sonuncu - XXVIII turda "Qarabağ" - "Qəbələ" matçında müəyyənləşəcək.

Hər iki komanda 23 oyundan sonra  59 xalla turnir cədvəlində şərikli liderdi. "Qəbələ" rəqibindən 1 qələbə az qazansa da, turnir cədvəlinə başçılıq edir ki, bu da səbəbsiz deyil. Məsələ ondadır ki, bu liqanın reqlamentinə görə xallart bərabər olsa, komandalar arasında oyunların nəticələri əsas götürülür. Bu göstəricidə isə "qırmızı-qaralar" ağdamlılıardan üstündü. Belə ki, ilk 2 dövrədəki maçtlarda "Qəbələ" evdə "Qarabağ"a 1:0 hesabıyla qalib gəlib, səfərdə 2:2 hesablı heç-heçə edib. Bu isə o deməkdir ki, qəbələlilərə çempion olmaq üçün son oyunda heç-heçə də kifayətdi. "Qarabağ" isə liqanın qalibi olması üçün yalnız qələbə qazanmalıdı.
 
Məlum olduğu kimi, "Qarabağ"ın U-19-nun baş məşqçisi əsas komandanın kapitanı Rəşad Sadıqovdu. 36 yaşlı mütəxəssis ötən mövsüm bu komandanı çempion edərək UEFA Gənclər Liqasında təmsil edib. Sadıqovun bu mövsümdən sonra "Qarabağ"ın U-19-yla yollarını ayırıb məşqçilik fəaliyyətini yalnız U-21-nin "sükanı arxası"nda davam etdirməsi nəzərdə tutulub. Buna görə də gənc çalışdırıcıya son matçında məşqçi kimi ilk addımı atdığı komandada çempionluq sevinci yaşamaq böyük stimul olacaq.
 
Qarşılaşma saat 19:00-da Sumqayıtda "Kapital Bank Arena"da keçiriləcək. Nominal meydan sahibi "Qəbələ" olacaq. Matçın bu komandaların heç birinin meydanında keçirilməməsi isə təsadüfi deyil. Çünki final mərhələsi sayılan III dövrədə ədalət prinsiplərinin qorunması nəzərə alınaraq liderlərin qarşılaşmaları neytral meydanda keçirilir.
 
Oyunun məhz "Kapital Bank Arena"da keçirilməsi Sadıqovla bağlı maraqlı məqamı diqqət çəkir. Müdafiəçi Topaz Premyer Liqasında 2 tur öncə məhz bu stadionda "Sumqayıt"a 1:0 hesabıyla qalib gəldikləri matçda "Qarabağ"la futbolçu kimi növbəti çempionluğunu yaşayıb. İndi Sadıqov bu məkana baş məşqçi kimi çempionluq oyununa çıxacaq. Onun həmkarı isə uzun illər "Qəbələ" Futbol Akamemiyasında müxtəlif komandaları çalışdırmış, çempionluq qazanmış yerli, gənc mütəxəssis Famil Xəlilovdu.
 
Məlumdu ki, son 3 mövsümdə U-19 Liqasının çempionu ölkəmizi UEFA Gənclər Liqasında təmsil edib. "Rəvan"la "Qəbələ" Moskva klublarına - "Spartak"la "Dinamo"ya uduzaraq mübarizəni pley-offda dayandırıbsa, "Qarabağ" "Çelsi, "Roma" və "Atletiko"yla bir qrupda oynayıb. Göründüyü kimi, sabah çempionluq matçında son 2 mövsümün qalibləri görüşəcək. 
 
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyunu "CBC Sport"la canlı yayımlanacaq. Matçın şərhçisi Fərid Axundov olacaq. Qarşılaşmadan sonra mükafatlandırılma mərasimi keçiriləcək. Bürünc medalları artıq təmin edən, Vasif Haqverdiyevin baş məşqçisi olduğu "Səbail" də mərasimə dəvət olunub.