Qəbələdə beynəlxalq seminar-iclas keçirilir

qebelede-beynelxalq-seminar-iclas-kecirilir
Oxunma sayı: 660

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Qəbələ şəhərində keçirilən tədbirin birinci günü beynəlxalq ekspertlər tərəfindən hazırlanmış TASİM layihəsinin ümumi, texniki və hüquqi konsepsiyaları, eləcə də aparıcı operatorların nümayəndələri tərəfindən ölkələrindəki telekommunikasiya sektorunda mövcud vəziyyət, gələcək plan və layihələr haqqında məlumatın verilməsi nəzərdə tutulub.

Tədbirin açılış iclasında Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə layihənin ümumi məqsədləri, gələcək perspektivləri barədə fikirlərini bildirib.

Tədbirin ikinci günü isə operatorlar arasında TASİM layihəsi üzrə baş qərargahı Bakı şəhərində olmaqla Daimi Katibliyin yaradılması və gələcək birgə fəaliyyətin təşkili üçün Anlaşma Memorandumun hazırlanması üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Qeyd edək ki, TASİM layihəsi müasir texnologiyalar əsasında qlobal İnternet magistrallarına çıxışı təmin etmək və Qərblə Şərq arasında qısa yolla informasiya axınını təşkil etmək, vətəndaşların informasiya texnologiyalarına və resurslarına çıxışını asanlaşdırmaq məqsədi güdür. BMT-nin Baş Assambleyasının qətnaməsi əsasında Azərbaycan Respublikası layihənin reallaşdırılması üçün əlaqələndirici müəyyənləşdirilib və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində bu istiqamətdə fəaliyyət aparılır.

Nigar Məmmədli