““Qəbələ”də qalmaq istəyirəm” - Deyv Bultuis

qebelede-qalmaq-isteyirem
Oxunma sayı: 1329

“Mən hollandiyalı jurnalistin yazdığı qədər pis şeylər danışmamışam. Sadəcə küçələrdə insanların az olduğunu və inəklərin çox gəzdiyini demişəm”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qəbələ”nin hollandiyalı futbolçusu Deyv Bultuis deyib. 

Müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan futbolu və “Qəbələ” haqqında bu qədər neqativ danışmadığını bildirib: “Orda yazılanlar qədər pis şeylər danışmamışam. Əslində jurnalist haqqımda yanlış şeylər də yazıb. Mən “Qəbələ” haqqında çox müsbət şeylər danışmışam. Azarkeşlərin stadionlara gəlməməsindən narazılıq etmişəm. Bu da reallıqdır. Az sayda tərəfdar komandaları dəstəkləyir. Özümü komandada heç də pis hiss etmirəm. Bakıda qalırıq və mənim üçün hər şey əladır. Tək problem oynamamağımdır. O da zamanla yoluna düşəcək. Burada özümü pis hiss etmirəm”. 

O bildirib ki, “Qəbələ”də qalmaq və komandaya kömək etmək istəyir: “Burada qalmaq fikrindəyəm. Mənim 8 aydır ki, oyunumda geriləmə var. Bunları aradan qaldırmağa çalışıram. Düşünürəm ki, bunu həll edəcəm. Nə vaxt tam hazır olsam, komandaya kömək etmək üçün 100 faizi ortaya qoyacam”.

Bultuis baş məşqçi Roman Qriqorçukla bütün münasibətlərin qaydasında olduğunu deyib: “Baş məşqçi ilə münasibətlərimi qaydasındadır. Biz bir-birimizi çox yaxşı başa düşürük”.

Futbolçu müsahibəni yazan hollandiyalı jurnalistə sonuncu dəfə danışdığını bildirib: “Bu jurnalistlə sonuncu danışığımdır. Çünki nə desəm, o. düzgün olanı yazmayacaq. Hollandiyada jurnalistlər belə şeyləri çox edirlər. Onlar hər şeyi korlamaq istəyirlər”.

Deyv fanatlara da səslənib: “Fanatlarımız məni bura gəldiyim gündən isti qarşıladılar. Onlara təşəkkür edirəm. Hər zaman azarkleşlərimizin suallarına cavab verməyə hazıram”.