Qəbələdən qədim əşyalar tapılıb

qebeleden-qedim-esyalar-tapilib
Oxunma sayı: 659

Bu barədə Trend-ə Qəbələ şəhərində arxeoloji qazıntıları təşkil edən "Miras" İctimai Birliyindən məlumat verilib.

Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) maliyyə və təşkilati dəstəyi ilə işləyən ekspedisiya bu ilin axtarışları zamanı 2008-2009-cu illərdə üst təbəqəsi öyrənilmiş 600 kvadratmetrlik sahədə, habelə yeni əlavə olunmuş 1044 kvadratmetrlik sahədə, ümumilikdə 1644 kvadratmetrlik sahədə axtarışları davam etdirib. Bu, indiyədək Qala ərazisində tədqiqata cəlb olunmuş ən geniş sahədir.

2011-ci ilin tədqiqatları bu baxımdan xüsusilə uğurlu olub. Tədqiqatlar mütəxəssislərə imkan verir ki, şəhərin həm yüksəliş, həm də tənəzzül dövrünün görüntüləri əsasında müqayisəli təhlil və araşdırmalar aparmaqla Qəbələdə min ilə yaxın bir dövr ərzində həyat ritminin tarixi dinamikasını izləyə bilsinlər. Arxeoloji axtarışlar zamanı aşkara çıxarılmış küçə və yol qovşaqları, hasarlar, irili-xırdalı ictimai və fərdi binalar, istehsalat ocaqları, çoxsaylı və rəngarəng çeşidli digər maddi mədəniyyət nümunələri tariximizin bir sıra qaranlıq məqamlarına işıq salacaq.

Yeni aşkar edilən 4 ədəd dulus kürəsi xüsusilə çox mühüm elmi əhəmiyyət kəsb edir. Kürələrdən 2 ədədi XI əsrin ortalarına aid olmaqla kərpic və kirəmit bişirilməsinə xidmət edib. Digər 2 kürə isə XIV əsrin sonu-XV əsrin əvvəllərində fəaliyyət göstərib.

İçərisindən tapılan məmulat nümunələrinə əsasən, kürələrdən birinin məişətdə işıqlandırma vasitəsi kimi istifadə olunan saxsı çıraqların istehsalı üzrə, digəri isə çox nəfis şəkildə hazırlanan, üzəri cızma və deşdəkləmə üsulu ilə zəngin bəzədilən, boğaz hissədə süzgəci olan və süfrə qabı kimi istifadə edilən enliboğaz kuzələrin istehsalı üzrə ixtisaslaşan ustaya mənsub olduğu müəyyənləşdirilib.

Aşkar olunmuş tapıntılar içərisində ağzı qurğuşun tıxacla bərkidilmiş şar-konusvari qab, üzərində farsca səliqə ilə həkk olunmuş şeir parçası olan şirli boşqab və digər yazılı nümunələr, saxsı qəlib, daxili səthində insan, heyvan və quş təsvirləri olan rəngarəng çeşidli keramika nümunələri, ayrı-ayrı sənət sahələrində istifadə olunan çoxsaylı əmək alətləri, bəzək əşyaları, dünyanın bir sıra ölkələri və şəhərləri ilə intensiv ticarət və mədəni əlaqələrin olduğundan xəbər verən nadir əşyalar və sikkə nümunələri də tariximizin ayrı-ayrı problemlərinin araşdırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Bütün bunlar onu deməyə əsas verir ki, antik və ilk orta əsrlər dövründə 800 ilə qədər Qafqaz Albaniyasının paytaxt şəhəri olan Qəbələ şəhəri ərəb və monqol fəthlərindən sonrakı dövrlərdə də nəinki ölkənin, bütövlükdə regionun ən mühüm sənət, ticarət və mədəniyyət mərkəzlərindən biri olaraq qalıb.

"Miras" İctimai Birliyinin sədri Fariz Xəlilli bildirib ki, Qəbələnin təqribən 2000 ilə yaxın bir dövr ərzində intensiv şəhər həyatı olub. Onun sözlərinə görə, arxeoloji qazıntılar nəticəsində şəhərin IX-XII və XIV-XVIII əsrlərdəki həyatı barədə məlumatlar əldə etmək mümkün olub.