“Qəbələ”nin rekordlar turu

qebelenin-rekordlar-turu
Oxunma sayı: 698

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, komanda tarixində 100-cü qələbəsini qazanıb.

“Bakı” ilə aprelin 29-dakı görüşə qədər 229 matç keçirən “Qəbələ” bu qarşılaşmaların 99-da qalib gəlmişdi. Yubileyi 4:0 hesablı darmadağınla qeyd edən futbolçular Premyer Liqadakı qələbələrin sayını 64-ə çatdırdı. Digər 22 qələbə birinci dəstə, 14 qələbə isə Azərbaycan kubokuna təsadüf edib.

Maraqlıdır ki, “Qəbələ”nin bütün tarixi qələbələri darmadağınla olub. İlk qələbə 2005-ci il sentyabrın 21-də birinci dəstədə əldə olunub. Həmin vaxt “Şərur” 8:0 hesabı ilə darmadağın edilib. 50-ci qələbə isə Premyer Liqaya təsadüf edib. 2008/09 mövsümünün 2009-cu il fevralın 14-də “Muğan”la Salyandakı görüşündə komandamız 4:0 hesabı ilə qalib gəlmişdi. Bu dəfə də yubiley 4 cavabsız qolla gəldi.
Lakin “Bakı” ilə qarşılaşma təkcə 100-cü qələbə ilə deyil, başqa maraqlı məqamlarla da əlamətdar olub.

- Qarşılaşma eyni zamanda Premyer Liqadakı ev oyunlarında 40-cı qələbə oldu.

- Fatih Kavlak baş məşqçi kimi Premyer Liqada 10-cu qələbəyə şahid oldu.

- Matçın 58-ci dəqiqəsində Viktor Mendinin vurduğu qol “Qəbələ”nin tarixində 300-cü qol oldu. Bu matçadək 297 dəfə fərqlənən “Qəbələ” 300-ə matçdakı 3-cü qolla çatdı.

- Mendinin qolu həm də “Qəbələ”nin Premyer Liqada 100-cü ev qoludur.

- “Qəbələ” “Bakı” sindromunu qırıb 730 gündən sonra qalib gəldi. Komanda rəqibini 2010-cu il mayın 1-dəki 1:0 hesablı qələbədən sonra 7 matç idi uda bilmirdi. Bu görüşlərdə 2 heç-heçə edən “Qəbələ” 5 dəfə uduzmuşdu.

- 22 cu dəfə keçirilən “Qəbələ” – “Bakı" dueli tarixində ən böyükhesablı nəticə qeydə alındı. İndiyədək “Bakı” 2 dəfə 3 top fərqi ilə qalib gəlmişdi – hər ikisində 3:0. 4 və daha artıq top fərqi ilə qələbə qazanan ilk tərəf isə “Qəbələ” olıdu.

- Ümumilikdə komanda tarixində 28-ci dəfə böyük hesabla qalib gəldi. Bunların 4-ü cari mövsüm qeydə alınıb: 3-ü çempionat, 1-i kubokda. Premyer Liqadakı hər 3 darmadağın 2012-ci ildə qeydə alınıb.

- Bunların 11-i birinci dəstə, 4-ü ölkə kubokuna təsadüf edibsə Premyer Liqada 13-cü dəfə 3 və ya daha çox top fərqi ilə qələbə əldə olunub. Bunların da 2-si final mərhələsində baş verib. Cari mövsümədək ilk “altılıq”da darmadağına sevinməyən “Qəbələ” tarixi rekordunu yeniləyib.

- “Qəbələ” 17-ci dəfə öz meydanında böyük hesabla qalib gəlib. Bunların 7-si birinci dəstə, 2-si kuboka təsadüf etmişdisə 8-ci dəfə Premyer Liqa qonaqlar məğlub edildi. Digər 11 darmadağın isə səfərdə gerçəkləşib.

- Premyer Liqadakı 13 böyükhesablı qələbənin 7-si Ramiz Məmmədov, 3-ü Toni Adams, 3-ü Fatih Kavlakın baş məşqçiliyi dövrünə təsadüf edib.

- “Bakı” “Qəbələ”nin böyük hesabla məğlub etdiyi 19-cu komanda oldu. MOİK ilə “Muğan”ın hərəsini 3, “Şərur”, “Gənclərbirliyi-2”, “Energetik”, “Şahdağ” (Quba) və “Simurq”un hərəsini 2 dəfə məğlub edən Qəbələ futbolçuları digər 12 rəqibi 1 dəfə ağır məğlubiyyətə məruz qoyublar.

- Cari mövsüm Premyer Liqada 9-cu qolunu vuran Yannik Kamanan klub rekordunu təkrarlayıb. Belə ki, “Qəbələ”nin Premyer Liqadakı çıxışları tarixində ən çox qol vuran futbolçular mövsümə 9-dan artıq ol vurmayıb. Buna ötən mövsüm Deon Barton, cari mövsüm Luiz Hilario imza atıb. Kamanan bu 2 komanda yoldaşının rekorduna qoşuldu.

- Yannik Kamanan 9-cu, Viktor Mendi 8-ci dəfə “Qəbələ” formasında qol vurmaqla klub tarixinin ən məhsuldar futbolçuları siyahısında irəlilədilər: Rövşən Əhmədov – 20, Kənan Kərimov - 18, Deon Barton – 15, Vitali Balamestnı, İbrahim Hüseynov – 12, Rəşad Yusubov – 11, Samir Zərgərov, Luiz Hilario - 10, Yannik Kamanan, Fərzad Hatəmi, Vüsal Qarayev – 9, Viktor Mendi, Fazil Pərvərov – 8.

- Qollarının hamısını Premyer Liqada vuran Kamanan buradakı mövqeyini də yaxşılaşdırıb: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – 11, Luiz Hilario, Yannik Kamanan - 9, Fərzad Hatəmi – 8, Samir Zərgərov, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa, Viktor Mendi – 7.

- Matçın 78-ci dəqiqəsində meydana çıxan Elnur Mustafayev karyerasında ilk dəfə “Qəbələ”nin əsas heyətində rəsmi matça çıxıb. Bununla da o, klub tarixinin 131-ci oyunçusu olub. Bunlardan 15-i yalnız birinci dəstə və ya Azərbaycan kubokunda oynadığından Elnur Premyer Liqada “Qəbələ” forması geyən 116-cı oyunçu olub.