Qəbələnin Xırxatala kəndində “Kitabsevərlər klubu” təsis edilib

qebelenin-xirxatala-kendinde-kitabseverler-klubu-tesis-edilib
Oxunma sayı: 1995

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən  mədəniyyət müəssisələrinin tanıdılması, maarifləndirilməsi və kitab oxumaq ənənələrinin bərpası  məqsədi ilə Murad Əlibəyov adına Xırxatala kənd tam orta məktəbində “Kitabsevərlər klubu”nun təsis toplantısı keçirilib.  

"Qafqazinfo" xəbər verir ki, sözügedən toplantıda İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Qəbələ rayonu MKS-in direktoru Anar Rüstəmli, Xırxatala kənd məktəbinin direktoru Əhmədiyyə Hacıyev,  Mərkəzin şöbə müdirləri və mütəxəssisləri  iştirak etmişlər.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyətinin, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında  çıxış edərək qeyd etdi ki, kitab  uğurlu gələcəyə aparan yoldur.

Sonra Mərkəzin  mütəxəssisləri Elnarə Hacıyeva “Kitabxanalarda mədəni-kütləvi tədbirlərin təşkili, yeni metodlardan istifadə” adlı və Ceyhun Əhmədov “Mütaliənin vacibliyi və onun rituallaşdırılması yolları” adlı məruzələri ilə çıxış etmişlər.

Daha sonra Xırxatala kənd məktəbinin şagirdləri məşhur yazıçı və şairlərin əsərlərini səsləndirmişlər.

Klubun üzvləri - Xırxatala kəndinin sakinləri tədbir zamanı çıxış edərək Nazirliyin sözügedən layihəsini yüksək qiymətləndirmiş və uşaqların tərbiyə, habelə biliyə qarşı marağının artırılmasına xidmət edən layihə olduğunu bildirmişlər.

“Kitabsevərlər klubu”nun üzvləri arasında kitab oxuma ənənələrinin bərpası, mədəniyyət müəssisələrinə, o cümlədən kitabxanalara marağın artırılması haqqında fikir mübadilə aparılmışdır.

Tədbir çərçivəsində “Kitabsevərlər klubu”nun üzvlərinə klubun üzvü sertifikatı verilmiş, müxtəlif janrları əhatə edən kitablar hədiyyə edilmişdir.