Qəbələnin şimalında Dəmiraparan çayının sahilində suqəbuledici kompleks - hər birinin tutumu 1000 kub metr olan 2 ədəd su anbarı, xlorator qurğusu və laboratoriya binasının inşasına başlanıb. Paralel olaraq ərazidə 2 sınaq və 1 istismar quyusu qazılıb, 3 istismar quyusunun qazılmasına isə hazırlıq görülür. Mütəxəssislər sınaq quyularının özünü doğrultduğunu və layihədə nəzərdə tutulduğu qədər su verdiyini bildiriblər. Gələcəkdə 5 quyudan saniyədə 62,5 litr su çıxarılacaq və bu, istehlakçıların tələbatını tam ödəyəcək.
Podratçı şirkət suyun əhaliyə özüaxımlı rejimdə verilməsini təmin etmək üçün Qəbələnin coğrafi hündür nöqtələrində 6 yeni anbar inşa edir. Mövcud 2 anbar isə yenidənqurulub istismara veriləcək. Ümumilikdə bu anbarların su tutumu 4400 kub metr təşkil edəcək.
“Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsinin 2-ci mərhələsində su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, 3-cü mərhələsində isə çirkab su təmizləyici qurğunun tikintisi planlaşdırılır.
Qeyd edək ki, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması Dünya Bankının Azərbaycan Hökuməti ilə birlikdə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində həyata keçirilir.
Nigar Məmmədli