Azər Qismət
“Bayram günlərində yaxınların qəbirlərini ziyarət etmək xristianlarda olur” deyənlər yanılır. Bu elə bir hissdir ki, xristiana müsəlmana baxmır. Adamlar pis olur ki, “kaş o sağ olaydı, bayramda bir masa ətrafında oturaydıq. Mən bayram edirəm, o isə soyuq torpaqda üşüyür”. Heç olmasa ziyarət etməklə ruhi təmas yaradırlar, “bayramın mübarək” pıçıldayırlar. Bayram günlərində qəbiristanlıq pıçıltılara bürünür. Qadın pıçıltıları. Kişilərin susqunluğu. Kişilər ağlamırlar, qəbrin ətrafını səliqəyə salır, kol-kosunu təmizləyir, sonra başdaşını öpürlər. Qarşısında dayanıb susurlar. Qadınlarsa ağlayırlar. Bu elə bir hissdir ki, ağlayanda çox söz deyilir, pıçıltılar uca səsə çevrilir. Ramiz Rövşənin qara paltarlı qadınlarına bürünən qəbiristanlıq. Onlar Mopassanın qəhrəmanı kimi başqa məqsəd güdüb yalandan ağlamırlar. Bu ağlamalarda nisgil var.
Bir qadın “məni bağışla” deyə ağlayırdı. “Sağlığında çox incitdim səni” deyirdi. O qadının hər süzülən göz yaşında ötən günlərin cizgilərini görmək olardı. Yorğun evə gələn kişi...pulsuzluqdan danlanan ər...uşaqlarının gözündən salınan, qarşısına bir stəkan çay qoyulmayan, it yerinə alınmayan, şəxsiyyəti sındırılan, sözünün kəsəri korşaldılan kişi...təkcə sözünün kəsərimi...ürəyi çıliklənən kişi...qadın o sağlıqlı günlərdə anlamayıb ki, bir gün ömür-gün yoldaşsız qalacaq. Biganəliyinin, laqeydliyinin bədəlini göylər ərini bu dünyadan köçürtməklə ödətdirəcək ona. “Səni çox incitdim” ağlaşması daha soyuq torpaqda uyuyan, bəlkə qəbir evində rahatlanan kişinin qulağına qurğuşun təki dəyir. Bəlkə də o da ağlayır ki, “mən çox yaşamaq istəyirdim, sən məni çox sındırdın, əzdin, tapdadın.
Qırmızı çəkməli, üzündəki kirşanın çoxluğundan rəhmətliklərin də diksindiyi qadın arxaya boylanıb onu gözləyən bahalı maşının sürücüsünə “iki dəqiqəyə gəlirəm” dedi. Çeynədiyi saqqızını tullayıb hansısa əzizinin qəbrinin qarşısında dayandı. İki dəqiqə çkmədi. Eləcə baxıb köks ötürdü. Qəbirlər arasında fırlanan molla bəlkə də “bacı” deyə müraciət edəcəkdi, əgər üzünün kirşanını görməsəydi. “Yasin” surəsini oxuyub-oxumadığını soruşdu. Qadın başını tərpədəndə bir sual da verdi: “Mərhum əriniz olub?”. Qadın “yox” dedi. Mollanın cibinə 10 manat basıb siqnallayan maşına doğru sürətlə irəlilədi. Bəlkə də həyatında sevdiyi kişi olub...bəlkə də...ancaq qəbir təzə idi və ölüm tarixi 40 gün bundan əvvəldən başlanırdı...40 gün dözməyən qadın. “Səni həmişə sevəcəyəm” deyən qadının pıçıltıları altında gözlərini əbədilik yuman kişi. Bir-biri ilə necə xoş günlər keçiriblər, ürəkləri kökslərindən çıxan sevgililər...nələr söz veriblər bir-birinə...40 gün keçmədi...cəmisi 40 gün... Bahalı maşının sürücüsü isə elə hey siqnallayırdı.
Bir qara paltarlı qadın isə şəhid oğluna ağı deyir, hərdən ailə üzvlərinin salamını çatdırırdı... Süd verə-verə gələcəyini düşündüyü oğlu soyuq qəbirdə üşüyürdü... “Mama qurban, bu yeni ili sənsiz necə keçirim...mama qurban, sənin sevdiyin paytaxt salatı da hazırlamışam...amma boğazımdan keçmir nakam balam, keçmir...məni niyə gözüyaşlı qoydun...
Qəbiristanlıqdan çıxanda isə çox yaşlı qadın ərinin qəbrinin yanında əkilən qızılgülləri dırnaq qayçısı ilə budayırdı...Dodağının altında dua edə-edə...hərdən də söylənirdi ki, qəbiristanlıqda güllər ətirli olmur...
Qara paltarlı qadınların dolaşdığı qəbiristanlıq...pıçıltılara bürünən məkan...Ancaq bir qadının söylədiyini oradan çıxandan bəri unuda bilmirəm: “Siz kişilər bizi tənha qoymaq üçün qəsdən sevirsiz”.