“Qəddafinin sonu dünya diktatorlarına dərs olmalıdır”

qeddafinin-sonu-dunya-diktatorlarina-ders-olmalidir
Oxunma sayı: 632

İlk olaraq Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində meydana çıxan çoxsaylı insan itkisindən və dağıntılardan sarsıldıqlarını bildirən İdarə Heyəti üzvləri qardaş ölkənin xalqına başsağlığı verib, ADP üzvləri adından qardaş ölkənin Bakıdakı Böyük Elçiliyinə müvafiq məktub göndərilməsi qərara alınıb. ADP İH Azərbaycan hökumətinin Türkiyəyə dərhal yardım göndərməsini təqdir edib və bu cür yardımları daha da artırmağa çağırıb.

Türk Dövlətləri Əməkdaşlıq Şurasının Alma-Atı görüşünün nəticələrinə dair müzakirə aparan İdarə Heyəti bu görüşü müsbət qiymətləndirib, Özbəkistanın da bu quruma üzv olunmasının zəruriliyi vurğulanıb və gələcəkdə dövləti olmayan türk dilli xalqların bu qurumda hər hansı formada təmsilçiliyi istiqamətində fəaliyyətin məqsədəuyğunluğu bir daha qeyd edilib.

İclasda Azərbaycan hökumətinin Rusiya baş nazirinin təklif etdiyi MDB-nin azad ticarət təşkilatına üzv olmaqdan imtina edilməsi haqqındakı qərarı da təqdir olunub və bir daha vurğulanıb ki, partiya ölkəmizin Avropa Birliyinə inteqrasiyası və Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə istiqamətlənmiş siyasəti daha düzgün hesab edir.

ADP İH ABŞ dövlət katibinin müavini U.Börnsün Azərbaycana səfərini və onun ölkəsi üçün demokratiya və təhlükəsizlik maraqlarının bir tam şəkildə olması, habelə korrupsiyaya qarşı ciddi mübarizənin, bu istiqamətdə islahatların aparılmasının labüdlüyü ilə əlaqədar mətbuata verdiyi açıqlamanı yüksək qiymətləndirib.

ADP İH Liviya diktatoru M.Qəddafinin uzun müddət çəkən qanlı müqavimətindən sonra təslim edilməsini təkcə Liviya xalqı üçün deyil, diktatura şəraitində yaşan digər xalqlar üçün də müsbət hadisə kimi dəyərləndirib. Eyni zamanda Qəddafinin məhkəmə qarşısına çıxarılmadan öldürülməsini səhv hesab edən İdarə Heyəti üzvləri belə bir məhkəmənin baş tutacağı təqdirdə Qəddafi rejimini indiyədək dəstəkləyən bəzi qərb siyasi dairələrinin də ifşasına şərait yarana biləcəyini qeyd edib. ADP İH bir daha qeyd edib ki, Qəddafinin sonu bütün dünya diktatorlarına dərs olmalıdır. Eyni zamanda İH hesab edir ki, qanlı qırğınların olmaması və demokratiyaya yumşaq, ağrısız keçidin baş tutması üçün beynəlxalq birlik bu cür ölkələrin xalqlarına inqilabi proseslər başlanmazdan əvvəl hər cür dəstək verməli və hadisələrin gedişinə müdaxilə etməlidir.