Qədir Rüstəmov Fəxri Xiyabanda dəfn olunacaq

qedir-rustemov-fexri-xiyabanda-defn-olunacaq
Oxunma sayı: 1529

Sənətkarın oğlu Rüstəm Rüstəmov “Media forum” saytına bildirib ki, bu saatlarda cənazəni Azərbaycana gətirməyə hazırlaşırlar. Qədir Rüstəmovun xanımı da İstanbuldadır. Cənazə Bakıya İstanbulun Atatürk hava limanından təyyarə ilə gətiriləcək. Rüstəm Rüstəmov bildirib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki nümayəndələri və “Azərbaycan Hava Yolları” şirkəti hazırda bu işlə məşğuldur.

Mərhumun cənazəsi dekabrın 15-də Bakının 4-cü mikrorayonundan, Mir Cəlal küçəsində yerləşən mənzildən götürüləcək və vidalaşmaq üçün saat 13-dən 15-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının binasında qoyulacaq.

“Media forum” saytı AzərTAc-a xəbər verir ki, dekabrın 14-də prezident İlham Əliyev başda olmaqla ölkənin dövlət və hökumət adamlarının, incəsənət xadimlərinin Qədir Rüstəmovun vəfatı ilə bağlı nekroloqu yayılıb.

Nekroloqda deyilir ki, gənc yaşlarından mahir muğam ifaçıları mühitində yetkin xanəndə kimi formalaşan Qədir Rüstəmov nadir istedadı, məlahətli səsi və özünəməxsus ifa tərzi sayəsində az vaxt ərzində tanınaraq geniş dinləyici auditoriyasının böyük məhəbbətini qazanıb. O, ömrünün sonuna kimi xanəndəlik sənətinə sadiq qalıb: “Unudulmuş xalq mahnılarımızdan bir çoxu məhz Qədir Rüstəmovun ifası ilə yenidən həyat qazanıb. Sənətkarın son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnı hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadır.

Ecazkar səsi, təkrarolunmaz ifaçılığı və dinləyicinin mənəvi aləminə nüfuz etməklə onda güclü emosional təsir yaratmaq bacarığı musiqisevərləri və muğam bilicilərini Qədir Rüstəmov sənətinin vurğununa çevirib. Mahir muğam ustasının ifasında səslənən bir sıra muğam dəstgahları, o cümlədən “Rast” və “Çahargah” musiqi mədəniyyətimizin qızıl fonduna daxil olub. O, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı ilə bağlı filmdə klassik muğam ifaçısı obrazını ustalıqla canlandırıb.

Qədir Rüstəmovun milli musiqimizə hədsiz vurğunluğu və sədaqəti gənc xanəndələr nəsli üçün əsl sənət məktəbidir.
Görkəmli xanəndə, səmimi və təvazökar insan Qədir Çərkəz oğlu Rüstəmovun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!”