“Qələbə qazansam da oyunumdan razı qalmadım” - Maqnus Karlsen

qelebe-qazansam-da-oyunumdan-razi-qalmadim
Oxunma sayı: 911

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VII tur lider dəyişikliyilə yadda qalıb. “Qafqazinfo” turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya çempionu Maqnus Karlsen Bolqarıstan təmsilçisi Veselin Topalovu məğlub edərək yarış cədvəlində liderliyə yüksəlib.

Norveçli dünya çempionu Maqnus Karlsen mətbuat konfransında oyunundan razı qalmadığını bildirib: "Bu oyuna çox ciddi hazırlaşmışdım. Debütdən sonra üstünlük əldə etdim və onu hücum qurmağa başladım. Rəqib diqqətli olsa da müəyyən səhvləri oldu. Vəziyyəti nəzarətdə saxladığım üçün sona qədər qələbə uğrunda oynadım. Qələbə həmişə sevinc bəxş edir. Çox şad oldum. Sadəcə oyundan razı qalmadım. Çoxlu sayda səhv etdim. Gedişləri düzgün saysam da gözləmədiyim oyunu izlədim. Bu qədər səhv etməli deyildim.

Bir qələbə turnir cədvəlində vəziyyəti dəyişsə də, ümumilikdə mübarizə davam edir. Son iki tur həlledici olacaq. Turnirdə dönüş yaratmağa çalışdım. Amma indidən 9  turdan sonra necə olacağını söyləmək çətindir. Məqsədim Şəmkir turnirində növbəti dəfə çempion olmaqdır".

Bolqarıstan şahmatçısı Veselin Topalov isə uduzmasını normal qəbul etdiyini söyləyib: "Maqnus çox yaxşı oynadı. Bir anlıq oyunu xilas edəcəyimə inam yarandı. Sadəcə Karlsen imkan vermədi. Layiqli mübarizə sərgilədi. Uduzmağımı normal qəbul edirəm. Bununla belə 7 turdan sonra turnir cədvəlində vəziyyətim normaldı. Şəhriyar Məmmədyarov üzərində qələbədən sonra liderliyə yüksəlmişdim. İndi artıq Maqnus liderdi. Fikrimcə yüksək yerlər uğrunda mübarizədən uzaqlaşmamışam. Son iki turda qələbə qazanmaq çox vacibdir".