Qəndə sümük, çaya soda qatırlar...

qende-sumuk-caya-soda-qatirlar
Oxunma sayı: 5175

Azər Qismət

İnamsızlıq. Bu elə bir məfhumdur ki, insanı həm gözlənilən təhlükədən qoruyar, həm ömür boyu şübhələr içində qovurdar. İnam olmayan ailədə daim ixtilaflar hökm sürər, bir də baxarsan ki, ailə dağılıb. İnamsızlıq cəmiyyətin canına, ruhuna hopanda ondan uduzan ölkə olur. İnamsızlıq iqtisadiyyata da təsir edir. İstehlakçı inanmırsa, istehsalçının məhsulu satılmır. Yüz reklam çarxı, min endirim kampaniyası, milyon menecment servisi kara gəlmir. Çünki əsas inamdır. Çünki istehlakçı reydlər zamanı baş verənləri görür. Qəndin içinə sümük, çayın içinə soda qatılır. Kərə yağına marqarin, palma qarışığı tökülür. 

İstehlakçı görür ki, at, eşşək ətindən, brüselyoza tutulan inəkdən dönər hazırlanır, steyk formasında qızardılıb restoranda bahalı müştərinin qarşısına qoylulur. Onun inamı sarsılır, daha yerli biznesmenlərin açdığı dönər, qamburger obyektlərinə yox, əcnəbi ölkələrin buradakı məkanlarına üz tuturlar.

Xəstə yerli istehsal olan vitaminləri alıb vurdurmur. Söz-söhbətə, şayiələrə uyur ki, guya belə vitaminlərin tərkibinə hormonal maddələr qatılır. Bəlkə də yerli vitaminlərə heç nə qatılmır. Bəlkə də dünya standartlarına uyğun hazırlanır, ancaq inamsızlıq onu alman və türk apteklərinə yönləndirir. Ki o millətin nümayəndələri fırıldağa əl atmaz. O millətlərin nümayəndələri vaxtı keçmiş uşaq qidaları satmaz, kiflənmiş tortu sırıyıb adamı ad günündə qonaqların yanında xəcil etdirməz. Onlar bax beləcə ən saf duyğuları satmazlar, hansısa zirzəmidə avadanlıq quraşdırıb vitaminin tərkibini zibilləndirməzlər.

İnamsızlıq sovet dövründə də hökm sürüb. “Volodarski” tikiş fabrikinin istehsal etdiyi paltarları alan istehlakçılar baxıb görürdülər ki, bir həftədən sonra köynək süzülür, şalvarın bir ayağı uzun, digəri qısa qalıb. İnamsızlıq adamlar arasında “Kubinka” kimi alver məhəlləsini məşhurlaşdırdı. Adamlar Polşanın, Yuqoslaviyanın kostyumlarını aldılar. Ölkənin Moskva, Leninqrad, Kiyev şəhərlərinə gedənlərdən xahiş edilirdi ki, qayıdanda kərə yağı, konfetlər, kolbasa-sosislər gətirsinlər. Indi adamlar kərə yağını paytaxtda fəaliyyət göstərən Belarus mağazalarından, konfeti Moskva mağazalarından almağa çalışırlar. Deyirsən, “axı, bizim istehsal da dünya standartlarına uyğundur”, inanmırlar. Deyirlər “3 gündən sonra kiflənir, içindən həşərat çıxır, biz istehsalçılarımızın təmizliyinə inanmırıq”.

Hətta lotereya biletlərini də başqa ölkələrdən alıb gətirirlər ki, xarici fəhlənin cek-potda udduğu 250-300 milyon dolları onlar da udsun. Fəhlə, xadimə udubsa, deməli lotereya təmiz qaydada keçirilir. Deyirsən “axı bizdə uduşlar vicdanladır”. Qayıdırlar ki, “hələ sovetin qayda-qanunlarının kəsərli olan vaxtlarında “Neftçi”nin oyununda lotereyanı bir gün əvvəldən soyuducuya qoyub buzlandırır, uşağı öyrədirdilər ki,hansı soyuqdur onu götürsün. Bununla da öyrədilmiş adam “Jiquli”yə sahib çıxırdı. 

Adamlar var ki, yerli düyüdən şübhlənib İran düyüsü axtarır. Halbuki öz düyümüzə söz yoxdur. Çünki inamı qalmayıb. Adam var ki, yerli həkimlərdən şübhələnib adi qrip xəstəliyini müalicə etdirmək üçün başqa ölkəyə qaçır. Adamlar bir-birindən şübhələnir. Hamıya elə gəlir ki, qarşısındakı adam onu aldadır, indi ona nömrə gələcək. İnam ölkənin inkişafında vacib məsələdir. İnamsızlıq başqa ölkənin iqtisadiyyatına xeyir gətirir. Fəlsəfə İnstitutunun əməkdaşları bunun üzərində çalışmalı, lazımi təkliflərlə çıxış etməli, inamsızlıq bəlasının dərinliyini araşdırmalı, ümumi konsepsiya hazırlamalıdır.  

İnamsızlıq heç də yaxşı əlamət deyil. Cəmiyyətdə inamın yaranması üçün uşaqdan tutmuş böyüyə qədər saf düşünməli, çoxdan mövcud olan atmaq, fırıldaq işlətmək, vicdandan kənar işlər kənara qoyulmalıdır. Kənara qoyulmasına söz vermək çətindir. Heç olmasa bir az yumşaltmaq olar. Bir çeçələ barmağı boyda olsa, bəsdir.