Qənimət Zahid niyə üzr istədi? - Yazı

qenimet-zahid-niye-uzr-istedi-yazi
Oxunma sayı: 772

“Azadlıq” qəzeti ilə “Yeni Müsavat” arasında bizim təşəbbüsümüz olmadan başlanan son qarşıdurmanı təəssüflə müşahidə edirəm.
Bu qədər cari və ötəri xarakterli, həm də yalnız “Azadlıq”a dəxli olan bir məsələnin iki qəzet arasında hər hansı anlaşılmazlıq yaratmasını başa düşməkdə çətinlik çəkirəm.

“Azadlıq” Anar Məmmədovla bağlı məlum münaqişəni yoluna qoymaq üçün özünün zəruri saydığı bir addımı atıb. Bu prosesdə biz bütün mümkün müdafiə vasitələrindən yararlandıq, həm də bu kampaniyanı çox şəffaf və ictimailəşdirilmiş qaydada apardıq. Amma bu kampaniya o səpkidə aparılmadı ki, “Azadlıq”ın yalnız bir Anar Məmmədov problemi var. Biz müstəqil mətbuatın planlaşdırılmış şəkildə məhv edilməsilə bağlı bir ictimai kampaniya apardıq, bu prosesin gedişində həm ictimaiyyət nümayəndələri, həm də həmkarlarımızla bir yerdə olduq. Medianın ümumi probleminin olduğu və məsələn, “Qasid” firmasından qaynaqlanan məsələ ilə bağlı “Yeni Müsavat”dan olan həmkarlarımızla bir yerdə ən radikal addımları belə atdıq.

Amma məhkəmə ilə bağlı məsələ nə qədər ümumi bir bəla olsa da, bir o qədər də konkret və xüsusiləşdirilmiş məsələdir. Yəni, konkret olaraq, “Azadlıq” qezetinin bank hesablarına həbs qoyulub, bu həbs həm kollektiv üçün, həm də qəzet üçün hər gün problemin ciddiləşməsi deməkdir. Təbii, söhbət cəmi 4 min manatdan gedir və bunu o qədər də böyük məbləğ saymayanların məntiqini anlayıram. Amma məsələ yalnız bu 4 minlik cərimədə deyil. Məhkəmə qərarı tam icra olunana, yəni qərarın təkziblə bağlı hissəsi də icra olunana qədər hesaba qoyulan həbs qaldırılmır. Azərbaycan məhkəmələrinin isə hansı məntiqlə və ya məntiqsizliklə qərar verdikləri hər kəsə gün kimi aşkardır. Bu halda, bir daha təkrar edirəm, bütün inzibati və ictimai müdafiə tədbirləri tükəndikdən sonra biz qəzeti hansısa mənasız bir prinsipə qurban verməyi yox, fəaliyyət imkanlarımızı bərpa etməyi tərcih etdik. Vəssalam. Məsələ bu qədər bəsitdir. Bu problemi ümummilli faciəyə çevirməyi başa düşmədim.

Biz bundan sonra da, mətbuat üçün ən ümumi və ciddi problemlərin yaranacağı halda, ölkənin media ictimaiyyəti və o cümlədən bir çox mülahizələrə görə, bizə daha yaxın olan “Yeni Müsavat”ın əməkdaşları ilə birlikdə mübarizə aparacağıq.

Bizə qarşı “hansısa siyasi liderin” dəyərləri üzərində fəaliyyət qurmaq ittihamını da anlamaq istəmirəm. “Azadlıq” yüz minlərlə, milyonlarla Azərbaycan vətəndaşının problemi olan avtoritarizmə qarşı mübarizənin informasiya dəstəyinin təşkilatçılarından biridir. Həm də, bu, qətiyyən siyasi fəaliyyət deyil. Ölkədə informasiya şəffaflığının yaradılması, bu prosesin təşkil edilməsi siyasi fəaliyyət olmaqdan qat-qat daha artıq ictimai fəaliyyətdir və müstəqil medianın mövcudluğu üçün şəraitin məhv edilib sıradan çıxarılmasına qarşıdır. Bu, müxtəlif siyasətçilərin, həm də ictimai sektorun ən mühüm tələblərindən biridir.

Kimsə hesab edə bilər ki, “padşah yaxşıdır, ətrafı pis”. Amma biz belə hesab edirik ki, yaxşı padşahın ətrafı pis ola bilməz və əgər ölkə yaramazlıqların, korrupsiyanın, rüşvətxorluğun, hüdudsuz özbaşınalığın, inzibati terrorun məngənəsində boğulursa, biz bunun köklərini avtoritar liderə çevrilmiş, diktator vərdişlərinə yiyələnmiş prezidentin davranışlarında görürük.

“Yeni Müsavat”ın siyasi kursu və bir qəzet olaraq mövcudluq prioritetləri fərqlidir. Bunu qəzetə rəhbərlik edən hörmətli həmkarım öz məqaləsində qeyd edib. “Azadlıq”ın da fərqli prioritetləri və mövcudluq prioritetləri var. Şəxsən mən heç zaman hörmətli həmkarım Rauf bəyə “Yeni Müsavat”ın prioritetləri ilə bağlı irad bildirməmişəm və bunu artıq hərəkət saymışam. Əməkdaşlarının və qəzetin təhlükəsizliyilə bağlı kompleks və ya ayrı-ayrı addımları ilə bağlı da hər hansı etirazım-filan olmayıb və bu tip məsələləri onun şəxsi işi hesab etmişəm. Bu parametrlər bizim birbaşa müdaxiləmiz olmadan ictimai müzakirə predmeti olsa, daha yaxşıdır.

Nəhayət, həmişə israrla bildirmişəm ki, qəzetlər arasındakı anlaşılmazlıqları qəzet səhifələrində müzakirəyə çıxarmağa isti yanaşmıram. Konkret olaraq, bu halda, yəni Anar Məmmədovla münaqişə prosesində “Yeni Müsavat” və “Azadlıq” arasında ortaq taktika barədə hər hansı öhdəliyin olduğu barədə mənə heç nə bəlli deyil. Mənim davranışım, hər hansı sözüm Rauf bəyi təmin etməyəndə o, mənə zəng edərək fikir mübadiləsi aparıb və ya əksinə, mən bunu etmişəm. Bu məsələ də bu qədər aydın və ziddiyyətsizdir.

Nəhayət, “Azadlıq”ın oxucuları birmənalı olaraq, əmindirlər ki, “Azadlıq” özünün informasiya fəaliyyəti kursuna sadiqdir, heç bir sapıntıya yol verməz. Bu məsələ ilə bağlı da anlaşılmazlıq yoxdur.

Bu qədər sadə və aydın dərk olunan məsələlərə görə iki qəzet arasında hansısa anlaşılmazlıq yaradıb onu dərinləşdirməyə ehtiyac görmürəm. Hesab edirəm ki, bizim fəaliyyətimizin ən ümumi prioritetləri ilə bağlı polemikalar apara bilərik: bunlar həmin prioritetlərdir ki, yalnız “Azadlıq” və “Yeni Müsavat”a deyil, ölkə mediasının böyük bir spektrinə dəxli var.

Qənimət Zahid