Qənirə Ataşova dediyini dedi

qenire-atasova-dediyini-dedi
Oxunma sayı: 5150

Azər Qismət

ANS-in Amerika bürosunun rəhbəri Qənirə Ataşovanın sualı əslində anlaşıldı. İngilis dilindən adi qavrayışı olan şəxs bildi ki, onun sualı ATƏT-in Mİnsk Qrupunun Dağlıq Qrabağ üzrə həmsədri Ceyms Uorlikin Azərbaycanın maraqları ilə ziddiyət təşkil edən tədbirə qatılmasından gedir. Uorlikin 9 dekabr 2015-ci ildə Vaşinqtonda Ermənistanın ABŞ-dakı səfirliyi, erməni lobbi təşkilatları və Konqresdə Ermənistan üzrə İşçi Qrupunun təşkil etdiyi “Artsaxın müstəqilliyinin ildönümü” başlıqlı tədbirə qatılmasını Qənirə Ataşova yaxşı bilirdi. Onu da bilirdi ki, amerikalı həmsədr özünü Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin "xarici işlər naziri” kimi təqdim edən Karen Mirzoyanla görüşüb. Bu da həmsədr funksiyası ilə uzlaşmayan addımdır. Üstəlik, münaqişəyə obyektiv baxışı və ədalətli həll yolunu şübhə altında qoyur.

Və sualı da bundan ibarət idi ki, “siz amerikalı həmsədrin separatçıların liderlərindən biri ilə görüşünə necə baxırsınız?”. Təbii ki, ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbiyə bu sualın sərf etməməsi əvvəlcədən də məlum idi. Ona görə də “sualınızı başa düşmədim” sözləri ilə yayınmağa çalışdı. Çünki bu sualın cavabı yox idi. Ola bilsin diplomatik şəkildə, suala heç bir aidiyyatı olmayan cavablarla da yayınacaqdı. Məsələn, Amerika əsgəri Əfqanıstanda bir ailəni Yer üzündən siləndə Amerikanın müdafiə naziri “biz bundan təəssüf hissi keçiririk” kimi cavablandırmadan istifadə edəcəkdi.

Con Kirbi Qənirə Ataşovanın sualını yaxşı başa düşdü. Çünki Kirbinin sonrakı sözləri bundan ibarət oldu: “Bilmirəm, bu xüsusi məsələ ilə bağlı nəsə deyə biləcəyəmmi?”. Yaxud, “Sizin sualınız Azərbaycan və Ermənistan prezidentlərinin dekabrın 8-dəki görüşləri barədədir də...”. Halbuki, dekabrın 8-də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olmayıb. Sadəcə, Kirbi münaqişəyə həmsədr təyin edilən Ceym Uorliki sudan quru çıxarmağa çalışırdı. Əlbəttə, aydın məsələdir ki, Ceyms Uorlik ermənilərin təşkil etdiyi tədbirə özbaşına qatıla bilməzdi. Özü də bunun Konqresdə təşkil olunması Azərbaycana qarşı yeni kampaniyaya start verilməsinə işarə sayılırdı. Bu da aydındır. O cümlədən ABŞ-ın Helsinki Komissiyasının sədri konqresmen Kris Smit tərəfindən tam şəkildə anti-Azərbaycan xarakteri daşıyan “Azərbaycan Demokratiya aktı” layihəsi də təsadüfi hesab edilə bilməz. Bu cür kampaniyaya start verənlər Qənirə Ataşovanın sualından “başa düşmədim” adı altında yayınacaqları gün kimi aydındır və buna öyrəncəliyik.

Yadıma neçə illər bundan əvvəl bir azərbaycanlı ilə ingilisin dialoqu düşdü. Bir azərbaycanlı ingilisə belə sual vermişdi: “Necə olur ki, bütün dünya sizin dildə danışır?”. O da təəccüblə başını yellədib demişdi ki, “mənim üçün də maraqldır ki, “niyə bütün dünya bizim dildə danışır?”. Daha açıb ağartmamışdı ki, “dünyada ingilis dilinin hökm sürməsi və yayılması bizim dövlət siyasətimizin tərkib hissəsidir”. Daha deməmişdi ki, “biz ingilis dilinin yayılması üçün milyardlar xərcləyib kurslar açırıq, bu dildə bilməyənləri işə götürmürük”. Hətta ingilislər bir hərfin səhv deyilişinə görə də “what” deyib özlərini başa düşməməzliyə vururlar. Əslində, başa düşürlər. Sadəcə, bildirmək istəyirlər ki, “siz bizim dilimizdə səlis danışmalısınız. Bir hərfin deyilişi o yana bu yana ola bilməz”. Biz isə Azərbaycan dilində səhv danışanlara əhəmiyyət vermir, bunu gülüş hədəfinə çevirmirik. Sevinirik ki, kimsə dilimizdə danışır. Fərqi yoxdur, səhv danışır, ya da düz.

Con Kirbi isə özünü bilməməzliyə vurdu. Qənirə Ataşova lap anqlo-saksonun arxaik sözlərini də desəydi də, sualına cavab almayacaqdı. Əgər Ataşovanın sualı “Rusiyanın Türkiyəyə qarşı sanksiyalarına necə baxırsınız?” olsaydı, Con Kibri nəinki cavab verəcəkdi, hətta onu “İlin sualı” nominasiyasının qalibləri siyahısına salacaqdı. Çünki Amerika yalnız onu maraqlandıran suallara cavab verir.