Qənirə Paşayeva daha bir mükafat aldı

qenire-pasayeva-daha-bir-mukafat-aldi
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, mükafatı millət vəkilinə təqdim edən Turizmə Dəstək Gənclər Koalisiyasının baş koordinatoru Ramiz Əliyev vurğulayıb ki, hər zaman gənclərə göstərdiyi dəstəyi ilə fərqlənən millət vəkili Qənirə Paşayeva turizmin inkişafı ilə bağlı qanunvericilik aktlarına, turizmin inkişafı istiqamətində çalışan gənclər təşkilatlarına daima öz dəstəyini əsirgəmir.

Mükafata görə Turizmə Dəstək Gənclər Koalisiyası minnətdarlığını bildirən Qənirə Paşayeva yola saldığımız 2011-ci il turizm ili ərzində bu sahənin inkişafı istiqamətində ölkədə mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Millət vəkili onu da qeyd edib ki, hər il ölkəyə gələn turistlərin sayının artması təkcə ölkəmizin turizmdən əldə etdiyi gəlirlərin artmasına deyil, həm də Azərbaycanın, ölkəmiz haqqında həqiqətlərin, mədəniyyətimizin, turizm potensialımızın daha geniş təbliğinə də öz töhfəsini verir. O, bildirib ki, hər birimiz taksi sürücüsündən, restoran işçisinə, sadə vətəndaşdan tutmuş ziyalıya qədər bilməliyik ki, ölkəmizə gələn turistlər qayıtdıqdan sonra öz ölkələrində Azərbaycanla bağlı danışacaqlar. “Biz hamımız çalışmalıyıq ki, onlar Azərbaycan və azərbaycanlılar haqqında ancaq xoş xatirələrlə dönsünlər. Bu istiqamətdə turizmlə bağlı təşkilatların daxildə də maarifləndirmə işlərini sürətləndirməsi vacibdir. Eyni zamanda ölkəmizin turizm potensialının daha geniş təbliği istiqamətində də hamımız, o cümlədən gənclər, gənclər təşkilatları öz səylərini daha da artırmalıdır”.

Biz turizmlə bağlı ciddi rəqabət regionunda yaşayırıq deyən millət vəkili bildirib ki, Azərbaycan təbiətinin bu rəqabət üçün bütün potensialı var. “Turizmdə qiymətlərin baha olmaması və yaxşı xidmət bu sahənin inkişafında və rəqabətdə əsas faktorlardandır. Bu sahədə getdikcə irəliləyişlərin olduğunu görürük. Amma hələ görüləsi də çox işlər var. Mən inanıram ki, Azərbaycana yaxın illərdə gələn turistlərin sayı dəfələrlə artacaq. Bu sahənin inkişafının dövlətin prioritetləri arasında olması,dövlət tərəfindən bu sahənin inkişafına dəstəyin artması bizə belə bir inam verir”.