Qənirə Paşayeva İvanişvili hökumətinin rəsmisi ilə görüşdü

qenire-pasayeva-ivanisvili-hokumetinin-resmisi-ile-gorusdu-
Oxunma sayı: 634

“Qafqazinfo” xəbər verir ki, Zurab Abaşidzeni Gürcüstan Parlamentinin vitse-spikeri seçilməsi münasibətilə təbrik edən millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun tərkibinə görə Milli Məclisin ən böyük parlamentlərarası dostluq qruplarından olduğunu qeyd edən millət vəkili bunun Azərbaycan dövlətinin və Parlamentinin Gürcüstan ilə əməkdaşlığa nə qədər böyük önəm verdiyinin göstəricilərindən biri olduğunu söyləyib. “İki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi naminə biz parlamentarilər də əməkdaşlığımızı daha da inkişaf etdirməliyik”, - deyən Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva bu baxımdan iki ölkənin parlamentləri arasında münasibətlərin daha da yüksələn xətlə inkişaf etdirilməsi üçün işlərin daha da gücləndirilməli olduğunu deyib: “ Azərbaycan və gürcü xalqları arasında heç zaman münaqişələr yaşanmayıb. Amma hər iki dövlətin ərazi bütövlüyünün pozulması kimi oxşar problemimiz var. Bunları da həll etmək üçün bizim daha güclü şəkildə biri-birimizə dəstək verməyimizə ehtiyac var”. Millət vəkili qeyd etmişdi ki, iki ölkə arasında yaxşı siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur. Bununla yanaşı Gürcüstan vətəndaşı olan azərbycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkəni biri-birinə daha sıx bağlayan tellərdir.

Gürcüstan Parlamentinin vitse-spikeri Zurab Abaşidze təbrikə görə minnətdarlığını bildirib və Azərbaycana səfər etməsindən məmnunluğunu ifadə edib. Zurab Abaşidze Gürcüstan Parlamentinin vitse-spikeri olaraq Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində əlindən gələn dəstəyini göstərəcəyini bildirib. O, vurğulayıb ki, Gürcüstanın yeni parlamenti və hökuməti Azərbaycanla əməkdaşlığın və dostluğun daha da genişləndirilməsində maraqlıdır və Gürcüstanın yeni baş naziri Bdzina İvanişvilini yaxın günlərdə Azərbaycana səfəri də Gürcüstanın Azərbaycanla münasibətlərin inkişafında nə qədər maraqlı olduğunu bir daha göstərəcək. Bu səfərin ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcəyini deyən Zurab Abaşidze parlamentlərarasında, parlamentlərarası dostluq qrupları arasında da əməkdaşlığın daha da dərinləşməsi üçün səyləri gücləndirəcəklərini deyib.