Qənirə Paşayeva türk professorla görüşdü

qenire-pasayeva-turk-professorla-gorusdu
Oxunma sayı: 653

“Qafqazinfo”nun məlumatına görə, İstanbul Universitetində Türk Ocaqlarının 100 illiyi münasibətilə “Bir düşüncə hərəkatının yüz ili” mövzusunda keçirilən beynəlxalq simpozium çərçivəsində millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva İstanbul Universitetinin rektoru, professor Yunus Söylet, İstanbul universiteti ədəbiyyat fakültəsinin dekanı professor Mustafa Özkan və Universitetin bir sıra rəsmi şəxsləri ilə görüşüb.

Beynəlxalq simpoziumda Qənirə Paşayevanın Türk dövlətlərinin və toplumlarının əməkdaşlığının, iş birliyinin, birgə fəaliyyətinin vacibliyi və əhəmiyyəti barədə çıxış və məruzəsini yüksək qiymətləndirən İstanbul Universitetinin rektoru, professor Yunus Söylet Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyib. Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Yunus Söylet iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafından məmnunluğunu da bildirib.

Millət vəkili Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət iki dövlətdir fikirini qeyd edərək Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyinə toxunan Q. Paşayeva Türk dünyasının tarixində rol oynamış və böyük tarixi olan İstanbul Universitetinin Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlığının daha da genişlənməsinin önəminə diqqət çəkib.

O, Yunus Söyletə araştırmaçı-yazar Azər Turanla həmmüəllifi olduğu “Əlibəy Hüseynzadə Turan” kitabını təqdim edib və bildirib ki, Əlibəy Hüseynzadə Turan özünün böyük fəaliyyətinin bir hissəsini məhz İstanbul Universitetinə bağlayıb və burada milli düşüncəli və savadlı aydınların yetişməsində misilsiz xidmətlər göstərib. Oğlu Səlim Turan da atasının yolunu gedərək özünün dünyaca məşhur rəsmlərini məhz İstanbul Universitetinə bağışlayıb. Qənirə Paşayeva bildirib ki, həmmüəllifi olduğu bu kitabda Əlibəy Hüseynzadə Turanın İstanbul Universitetində keçən gənclik illərindən başlayaraq ömrünün sonunadək Universitetlə bağlı fəaliyyəti də geniş şəkildə öz əksini tapır. Millət vəkili İstanbul Universitetinin rektoru, professor Yunus Söyletə bir neçə gün əvvəl “Əlibəy Hüseynzadə Turan” kitabının İstanbul Universitetində yüksək səviyyədə təqdimatının keçirilməsinə görə minnətdarlığını da bildirib.
Xatırladaq ki, Türk Ocaqlarının qurulmasında böyük xidmətləri olan Türk dünyasının böyük şəxsiyyəti Əli Bəy Hüseyzadə haqqında yazılmış bu kitab Türk Ocaqlarının 100-cü ildönümü münasibəti ilə İstanbul Türk Ocaqları tərəfindən Türkiyə Türkcəsində nəşr edilib və Türkiyədə geniş təqdimatı keçirilib. Kitab bütün simpozium iştirakçılarına İstanbul Türk Ocaqları tərəfindən hədiyyə edilib.

Millət vəkili rektoru və universitet rəsmilərini Azərbaycana səfərə dəvət edib.

Qeyd edək ki, 3 gün davam edən “Bir fikir hərəkatının 100-cü ili” adlı beynəlxalq simpozium bu gün öz işini başa çatdırıb. İstanbul universitetinin Azərbaycan mənşəli 2 böyük alimi- tibb professoru, Türk dünyasının böyük çəxsiyyətlərindən biri Əli Bəy Hüseynzadə Turan və dilçi professor Muharrem Erginin adına təşkil edilmiş seksiya iclasları da keçirilib.