Qənirə Paşayeva Türkiyənin ən nüfuzlu qəzetlərinin əməkdaşlarını Tovuza apardı

qenire-pasayeva-turkiyenin-en-nufuzlu-qezetlerinin-emekdaslarini-tovuza-apardi-
Oxunma sayı: 636

Jurnalistlər – “Milliyet”, “Hürriyet”, “Zaman”, “Today’s Zaman”, “Haberturk”, “Radikal” qəzetlərini təmsil edirlər.

Türkiyəli jurnalistlər ilk öncə, qədim tarixə malik Tovuz qalasına baş çəkiblər. Burada onlara Tovuz qalası, ümumiyyətlə Azərbaycanın tarixi barədə məlumat verilib. Sonra türkiyəli jurnalistlər Tovuzun Ermənistanın Noyamberyan (Şəmşəddin) rayonu ilə sərhəd olan Ağdam kəndində olublar.

Burada da türkiyəli jurnalistlərə Ermənistan silahlı qüvvələrinin azərbaycanlılara, o cümlədən Tovuz rayonunun sakinlərinə qarşı törətdikləri qeyri-insani hərəkətlər, vandalizm aktları haqqında geniş məlumat verilib və bildirilib ki, Ağdam kəndinin sakinləri neçə illərdir sərhəd boyunca yerləşən ata-baba məzarlıqlarını ziyarət edə bilmirlər. Səbəbi isə, hər an onların ermənilər tərəfindən ölüm təhlükəsi ilə üz-üzə qalmasıdır.

“Today’s Zaman” qəzetinin əməkdaşı Abdullah Bozqurt bildirib ki, Azərbaycan həqiqətləri, azərbaycanlıların necə yaşadıqlarını eşitmək başqa, gözlə görmək tamam başqadır:

“Bu kəndin insanları öz ata-baba yurdlarında yaşayırlar. Bura onların öz torpaqlarıdır. Ona görə də, bütün çətinlikləri, məhrumiyyətləri göz önünə alaraq buranı tərk etmək istəmirlər. Bu, bizi çox təsirləndirdi.

Təkcə bu kəndi, bu bölgəni qoruyan əsgərlər deyil, eyni zamanda buranın insanları da bir qəhrəmanlıq nümunəsi göstərirlər. Biz çox istəyirik və çox ümid edirik ki, tezliklə bu problem, münaqişə ədalətlə həll olunacaq və azərbaycanlı qardaşlarımız sülh və əmin-amanlıq şəraitində öz həyatlarını sürdürəcək, gündəlik işləri ilə məşğul olacaqlar.

Millət vəkili Q.Paşayeva da ümid etdiyini bildirib ki, qardaş ölkədən Azərbaycana gələn jurnalistlər burada gördüklərini öz ölkələrinə qayıtdıqdan sonra daha geniş və ətraflı şəkildə işıqlandıracaq, türk insanını daha müfəssəl şəkildə məlumatlandıracaqlar.